Noyabrın 13-də Sumqayıt şəhər prokuroru  Sərdar İmanov Sumqayıt Dövlət Universitetində tələbələrlə görüşüb.

 

Rektor, professor Elxan Hüseynov  Sumqayıt şəhər prokuroru  Sərdar İmanovu  Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.  

 

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirən rektor bugünkü görüşün əhəmiyyətindən bəhs edib. Bildirib ki, dövlətin fəaliyyətində əhəmiyyətli roluna görə statusu konstitusiya normaları ilə nizama salınan prokurorluq yarandığı tarixdən indiyədək böyük etibar qazanıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılması, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşması və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır.

 

Rektor həmçinin son zamanlar  şəhərdə aparılan yenidənqurma işlərindən və uğurlu islahatlardan söhbət açib.

 

Sumqayıt şəhər prokuroru  Sərdar İmanov səmimi qarşılanmağa görə rektor professor Elxan Hüseynova, professor-müəllim və tələbə heyətinə dərin minnətdarlığını ifadə edib.  Bildirib ki, ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Bu gün Prezident  İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğı nəticəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində böyük işlər görülür.

 

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə edilən dəyişikliklər üzrə maarifləndirmə işinin davam etdirilməsi üçün gələcəkdə də mütəmadi olaraq görüşlər təşkil ediləcəyi vurğulanıb.

 

Sonda   tələbələri maraqlandıran suallar cavablandırılıb.