Bu gün Bakıda S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında elm və təhsilin inteqrasiyası, elmin, tədqiqatçılıq fəaliyyətlərinin şagirdlərimizin düşüncə və axtarışlarında öz əksini tapan daha bir təşəbbüsün təqdimatı baş tutdu. 
 
Son illər şagirdlərin elmi-tədqiqatlara təşviqi üzrə  ənənəvi layihələrin təşəbbüskarı kimi çıxış edən gimnaziya bu dəfə də şagirdlərimizi elmin işığına toplaya bilmişdi.
     
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda keçirilən IV Şagird Respublika elmi-praktik konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Elm və Təhsil Nazirliyi Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya tərəfdaşlığı ilə keçirilib.
 
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Açılış tədbirində çıxış edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini və hazırda keçirilən "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika elmi-praktik konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov öncəki illərdə konfransa ancaq gimnaziyanın şagirdlərinin qatıldığı halda, bu il ilk dəfə paytaxtın və regionların digər məktəb, lisey və gimnaziyalarının şagirdlərinin iştirak etdiyini vurğulayıb. 
 
Elmi konfransın şagirdlərin doğrudan da elmə, tədqiqatçılıq fəaliyyətinə stimullaşdıran gözəl platforma olduğunu deyən İlqar Talıbov ümid etdiyini bildirib ki, bugünkü konfransda öz layihələri ilə iştirak edən şagirdlər arasında gələcəyin gənc alimləri çıxacaq.
 
O əlavə edib ki, AMEA, Elm və Təhsil Nazirliyinin nəzdində olan elmi-tədqiqat institutları ilə olan mövcud əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
 
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin qorunmasında dövlət rəhbərlərinin mühüm rol oynadığını deyərək, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə xidmətlərini qeyd edib. S.Əliyeva konfransda iştirak edən şagirdlərin nümunəsində Azərbaycan dilinin gözəl elmi üslubda ifadəsinin şahidi olacağına əminliyini bildirib.
 
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bildirib ki, elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın ən ümdə xüsusiyyətinin təhsildə öndə olan şagirdlərin elmi potensialını ortaya qoyması üçün şərait yaratmasıdır.
 
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü konfransın işini yüksək qiymətləndirərək, bugünkü iştirakçı şagirdlər arasından gələcəyin alimlərinin yetişəcəyini deyib.
 
Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani təmsil etdiyi elmi müəssisədə ekoloji mühit, təbiətin qorunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edərək, şagirdlərin hazırkı konfrans vasitəsilə elmi araşdırmalara cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, bu konfransın gələcəkdə beynəlxalq miqyasda keçirilməsini arzulayıb.
 
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfrans iştirakçılarının elmi potensialları ilə yanaşı natiqlik qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm rol oynadığını deyib. S.Talıblı bu konfransın şagirdlərin həyatında dönüş nöqtəsi olacağını, onların sırasından gələcəyin alimlərinin, tədqiqatçılarının yetişəcəyini bildirib.  
 
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirib. Konfransda 134 şagird öz elmi işlərini təqdim edib. Hər bölmə üzrə şagirdləri qiymətləndirən münsiflər heyətlərinin sədrləri və üzvləri sırasında AMEA-nın və ETN-nin institutlarının alimləri də yer alıb.
 
Konfransın yekununda hər bölmə üzrə yüksək nəticə göstərən üç şagird mükafata layiq görülüb. Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlər müvafiq dərəcəli medallar, diplomlar və qiymətli hədiyyələrlə, bütün iştirakçılar sertifikatla təltif olunub. Həmçinin şagirdlərin elmi rəhbərlərinə sertifikatlar, münsiflər heyətinin üzvlərinə, tərəfdaş təşkilatlara, informasiya və təşkilati dəstək göstərənlərə təşəkkürnamələr təqdim edilib.
 
 
Oruc MUSTAFAYEV