Gələcək mütəxəssislərə istehsalat təcrübəsi və təqaüd proqramları haqqında məlumat verilib


Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ilə tələbələrin görüşü olub.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı SOCAR ilə rəhbərlik etdiyi ali məktəb arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Son dövrlər universitetdə həyata keçirilən islahatlar barədə məlumat verən rektor M.Babanlı tələbələrin istehsalat təcrübəsində iştirakının təmin olunması, həmçinin magistrlərin işlə təmin edilməsi istiqamətində yaradılan şəraitdən və görülən işlərdən danışıb.

 

SOCAR-ın 2018-2019-cu tədris ili üçün tələbələrə yaratdığı imkanlardan və ADNSU ilə əməkdaşlıqdan söz açan şirkətin İnsan Resursları Departamentinin rəisi A.Bəkirli tələbələrlə görüşün əhəmiyyətinə toxunub. Mühəndis kadrlarının hazırlanması prosesində universitetlərlə birgə fəaliyyətin zəruriliyin qeyd edən A.Bəkirli SOCAR-ın daxili təqaüd proqramlarında və eləcə də istehsalat təcrübəsində ADNSU tələbələrinin xüsusi yer tutduğunu vurğulayıb.

 

Görüşdə, həmçinin SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələr, daxili və xarici təqaüd proqramları, eləcə də ödənişli və ödənişsiz təcrübə  barədə təqdimat verilib. Qeyd olunub ki, ADNSU-nun tələbələri SOCAR-ın reallaşdırdığı təqaüd proqramlarının, yay məktəbi layihələrinin, eləcə də digər təşəbbüslərin fəal iştirakçılarıdır. Belə ki, 2018-ci ildə ödənişsiz istehsalat təcrübəsinə ADNSU-dan 748 tələbə seçilib. Bu günə qədər isə ADNSU-dan ümumilikdə 3392 nəfər SOCAR-da təcrübə keçib.

 

Daha sonra SOCAR-ın proqramlarında fərqlənən tələbələrə mükafatlar təqdim olunub.

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.