“PAŞA Holding” MMC-nin maliyyə dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və “Cake School by Emilya İsmayılova”nın təşkilati dəstəyi ilə “Peşəkar qadınlar” adlı qadınların kvalifikasiyalarının qiymətləndirilməsi və tanınması layihəsinə start verilib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə agentlikdən məlumat verilib. Bildirilib ki, sözügedən layihə çərçivəsində ötən il ilk dəfə olaraq regionlarda yaşayan qadınların kvalifikasiyaları qiymətləndirilib.
 
“Peşəkar qadınlar” layihəsi çərçivəsində “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə prosesinin nəzəri imtahan mərhələsi TKTA-nın inzibati binasında baş tutub. “Cake School” ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində nəzəri imtahan prosesini uğurla tamamlayan namizədlər isə müəssisənin istehsalat bazasında praktiki imtahana cəlb olunublar.
 
TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində  “Catering Baku”nun icraçı direktoru Güllü Quliyeva, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Emilya İsmayılova və İradə Hüseynova iştirak ediblər.
 
Sözügedən layihənin əsas məqsədi həssas qruplardan olan qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndirilməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətin inteqrasiyasına dəstək verməkdir.
 
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.