Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya” bağı yaratdılar. Yaratdıqları yaşıl dünyanın yaşıl enerjisi olsun, dedilər. Nəticədə həyətyanı sahəsinin işıqlanma sistemini əsas şəbəkədən ayırıb həmin yaşıl enerjiyə qoşdu, avtomatik rejimdə işləyən səmərəli işıqlanma şəbəkəsi qurdular. Müəllimlərinin hazırladığı sxem üzərində tələbələri də fəal iştirak etdi və bu Peşə Təhsil Mərkəzinin həyəti günəş enerjisi hesabına gecələr də “günəşli” oldu. 
 
746 tələbənin təhsil aldığı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində, sadəcə yaşıl enerjinin tətbiqi üçün yox, başqa sərfəli sxemlər də hazırlayıb reallaşdırdılar.
 
Açılışına Prezident gəldi
 
Gəlin, tanış olaq. Başdan-başa gəzdiyimiz Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 29.8 hektar ərazisi var. Onun 11 hektarında qurğular, korpuslar, laboratoriya və emalatxanalar, idman zalı, ümumilikdə 36 obyekt yerləşib.
 
Ölkədə adambaşına maliyyələşməyə keçən 7 peşə təhsili mərkəzindən biri olan Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi hazırda ən müasir müəssisələrdən biridir. Fəaliyyəti dövründə az-çox uğurları olub, amma indi onlar üçün tamamilə yeni dövr başlayıb. Necə deyərlər, öz ayaqları üstündə dayanmalarının tam vaxtıdır. Bunu özləri yaxşı başa düşür və gələcəyə dair bir çox işlər planlaşdırırlar. Planlar arasında, sadəcə təhsil vermək yox, təcrübə və iş qazandırmaq, bunları edərkən həm də qazanc əldə etmək, müəssisənin imkanlarını genişləndirmək, əmək bazarında nüfuz, təhsil dünyasında söz sahibi olmaq istiqamətdə addımlayırlar.
 
Məlumat üçün qeyd edək ki, açlışını Prezident İlham Əliyevin etdiyi tam müasir standartlara malik Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi açılalı bir il deyil, amma xeyli uğurları var. 
 
 
Mərkəzdə peşə hazırlığı tam sürətlə davam edir
 
Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzdə 25 sinif otağından ibarət tədris korpusu, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar var.
 
Burada qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır.
 
Eyni zamanda kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır.
 
 
Tədris korpusunda
 
Peşə təhsili müəssisəsində əsasən, praktiki bacarıqlara üstünlük verilsə də, nəzəri biliklər də önəmli sayılır. Bu məqsədlə ikimərtəbəli, hər cür şəraiti olan bina tələbələrin ixtiyarındadır.
Nəzəri biliklərin verildiyi, mənimsənildiyi həmin yerdəyik. Avtomobil mühəndisi ixtisası üzrə təhsil alan 11 nəfərlik qrupda Rasim İbrahimovun dərsidir. Rasim müəllimin sözlərinə görə, tədris korpusunda otaqların hər biri müasir kurikulumun tələblərinə cavab verir: “Burada müasir interaktiv dərs təşkil etmək üçün bir neçə saniyə içərisində hər şərait yaratmaq mümkündür. Ədəbiyyatlar köhnə olsa da, texniki prinsiplər dəyişmədiyindən hələ rahatlıqla istifadə edirik”.
 
Avtotəmir binasında
 
Söz ki avtomobildən düşdü, qeyd etməliyik ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində əsl avtomobil mütəxəssisləri hazırlayırlar. Bu məsələdə çox iddialıdırlar, çünki müəssisədə avtomobil mühəndisi, traktorçu-maşinist, avtomobil sürücüsü, avtomobillərin təmiri çilingəri hazırlanır. Artıq ikinci ildir ki, avtonəqliyyat vasitələrinin istismarı, kənd təsərrüfatı avadanlıqları və maşınları üzrə mütəxəssislərin də hazırlığına başlanılıb. Bu ixtisaslar üzrə yüksək texniki peşə təhsili verilir və təhsil müddəti 3-4 ildir. Belə ki, müəssisəyə bu ixtisaslar üzrə IX sinifdən qəbul olunanlar 4 il, XI sinifdən daxil olanlar 3 il təhsil alır, sonra ya ali təhsil müəssisələrinə gedir, yaxud əmək bazarına daxil olurlar. Həmin ixtisasları tədris etmək üçün müəssisə işə fəal və bacarıqlı mütəxəssislər cəlb edib. 
 
 
İlk avtomobil də var burada, gələcək avtomobil də
 
Burada ilk maşından tutmuş ən müasir maşına qədər bütün avtomobillərin hissələrinə rast gələ bilərsiniz. Bəlkə təxmin etdiniz, “Avtomobilin quruluşu laboratoriyası”ndayıq. Müəssisədə hesab edirlər ki, bu laboratoriyada yetişən istənilən kadr cəmiyyətə yaxşı mütəxəssis kimi təqdim olunacaq. Çünki bir mütəxəssisin yetişməsində zəruri olan hər şey tələbələrin ixtiyarındadır.
 
Emalatxanaya düşürük. Ümumiyyətlə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 14 emalatxanası var. Onlardan biri də avtomobil emalatxanasıdır. “Cəlilabad Peşə Təhsil Mərkəzinin istehsalatı” da deyirlər buraya. Avtomobillərə texniki xidmət göstərilir, təmir işləri aparılır. Hələlik işləri elə də çox deyil, amma planları böyükdür: həm öyrətmək, həm də gəlir əldə etmək üçün istifadə olunacaq, bilik və bacarıqların möhkəmləndirildiyi yerə çevriləcək. 
 
Qənnadıçı-şirniyyatçılar getdikləri müsabiqə və yarışlardan əliboş qayıtmırlar
 
Mərkəzin ən şirin, ən ətirli bölməsindəyik. Qənnadıçı-şirniyyatçı ixtisası üzrə ikinci ildir ki, mərkəzdə tədris təşkil edilir. Fəaliyyət dövrünün az olduğuna baxmayın, artıq “Masallı” Hotel&Restoran şəbəkələrində 10 tələbəsi təcrübə keçib, onlardan 2 nəfər aşpaz köməkçisi, 2 nəfər isə ofisiant olaraq iş təklifi alıb. Təhsili başa çatandan sonra, ümumilikdə 7 tələbəsi restoran hoteldə işə başlayacaq. 
 
Qənnadıçı-şirniyyatçılar bu peşəni rayonda tanınmış iş adamı Xəyalə Məmmədovadan öyrənirlər. Özünün şirniyyat sexi olan Xəyalə Məmmədovanın qrupu indiyədək çox festivalda, müsabiqədə, bacarıq yarışında stend qurub. Qurduqları hər dəzgah böyük tələbat görüb, diqqət çəkib, maraq oyandırıb. 
 
Deyilənlərdən belə məlum olur ki, bu il 16 tələbə, ötən il 18 qənnadıçı-şirniyyatçı məzunu olan Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri işsiz qalmayacaq. X.Məmmədova özü də bir işəgötürən olaraq işçilərini buradan seçir: “Ötənilki tələbələrdən 2 nəfəri işə götürdüm. Builki qrupdan da bir neçə nəfəri “gözaltılamışam”.
 
Gözaltıladığı tələbələrindən biri Mirhəsən Qənbərovdur. O da 1 illik qrupda təhsil alır. Həvəsi və bacarığı olub, amma şirniyyatı qaydasına görə bişirməyi burada öyrənib. Sadəcə bişirməyimi? Deyəsən, iş qadını olan X.Məmmədovadan bişirməkdən çox idarəetməni öyrənməyə çalışıb: “Burada, sadəcə bişirməyi öyrənmirik, idarəetməni də öyrənirik. İkinci bir tərəfdən, peşəkar şirniyyatçının hazırladığı evdə hazırladıqlarımızdan fərqlənir”.
 
 
“Sezar” salatını axır burada öyrəndim
 
Hələ aşpazlarını demirik. Nələr bacarırlar nələr… Aralarında Azərbaycan yeməklərini tanıtmaq istəyəni də var, elə öz zonasının "kababçı"sı kimi ad çıxarmaq istəyən də. 
 
Onlar, sadəcə hədəflərinə görə yox, elə yaşına görə də fərqlənirlər. Məsələn, elə götürək Rəqsanə Kərimovanı. O, 3 uşaq anasıdır. Uşaqları ali təhsilini tamamlayan Rəqsanə xanım özü hələ indi peşə təhsili alır: “Erkən yaşda ailə qurduğum üçün oxumamışdım. Amma oxumaq fikri, istəyi ürəyimdə qalmışdı. Kiçik qızımla birlikdə imtahan verdik, o kollecə, mən də bu Peşə Təhsil Mərkəzinə qəbul olundum. Bişirib-düşürməyi sevirəm, amma aşpazlıq evdə ailə üçün yemək bişirməkdən çox fərqlidir. Burada “Sezar” salatını öyrəndim. Bu salatı heç vaxt hazırlamamışdım, çox bəyənirdim, necə hazırlandığı mənə çox maraqlı idi, axır burada öyrəndim”. 
Rəqsanə İtaliya yeməkləri də hazırlayır. Həm bişirməyi, həm də yeməyi sevir.
 
“Masallı hotel”in “İsti süfrə”sində yer alanlar 
 
Azəddin Ağazadə "Aşpazlıq" ixtisası üzrə Peşə Təhsil Mərkəzinə IX sinifdən gəlib. Tələbə olandan sonra aşpazlığa həvəsi daha da artıb. Deyir, cəmi 10 gün idi “Masallı hotel”ə təcrübəyə başlayıbmış ki, iş təklifi alıb: “İşlədiyim yerdə də tay-tuşuma tövsiyə edirəm ki, mütləq təhsil alsınlar və bunun üçün ən yaxşı seçimlərdən biri məhz Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzidir”.
 
İşlədiyi yerdə oxuduğu müəssisəni tanıtmağından anladınız yəqin… İddialı oğlandır Azəddin. Azərbaycanı da dünyada tanıtmaq istəyir, özü də soyuq qəlyanaltılar üzrə ixtisaslaşıb.
Əzim Ağbabayev aşpazlığa uşaqlıqdan həvəs göstərsə də, Mərkəzə qəbul olunanda “bıçaq tutmağı belə bilmirdim”, - deyir. Məktəbi 2016-cı ildə bitirib. Bu müddət ərzində əkinçilik təsərrüfatı ilə məşğul olub. Sonra həyatı dəyişib: “Bibim qızı peşə təhsili alırdı. Onun tövsiyəsi ilə mən də gəldim”. 
 
Bəs niyə kənd təsərrüfatı ixtisaslarına yox, aşpazlığa?
 
Əzim deyir, eyni işlə məşğul olmaq bezdiricidir. O da həvəsi olan ixtisas üzrə özünü inkişaf etdirmək istəyib. Bu seçimində əmək bazarının tələbləri də öz rolunu oynayıb. Amma bununla da məhdudlaşmayıb: “2016-cı ildə məktəbi qurtarıb torpaqla, əkin-biçinlə məşğul oldum. Birincidə iş yerində maaş az, iş yeri uzaq idi. Tibb ixtisası üzrə isə təhsil aldığım kursun verdiyi sənəd etibarsız idi. Həmin sənədlə hər hansı iş tapmayacaqdım. Mən də bibiqızımın tövsiyəsi ilə "Aşpazlıq" ixtisası üzrə yetişmək fikrinə düşdüm”.
 
Belə getsə, o, hələ çox ixtisas dəyişəcək. Çünki o, insanın ömürboyu təhsil alması gərəkdiyini bilir, lazım gələrsə, dövrün tələblərinə uyğun olaraq ixtisasını dəyişməkdən qorxmur.
 
 
Ailəlikcə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində oxuyurlar
 
Cəlilabad Peşə Təhsil Mərkəzində ailəlikcə oxuyanlar var.  Məsələn, 3 övlad anası Mərcan Rzayeva oğlu ilə burada oxuyur: “Oğlum universitetə təqdim etdi sənədlərini, amma qəbul oluna bilmədi, kitabdan, təhsildən çox uzaqlaşmasın deyə onu bu Peşə Təhsil Mərkəzinə yönləndirdim. Bu təhsil müəssisəsini oğlum üçün araşdıranda özümün də diqqətimi çəkdi və sənədlərimi oğlumla birlikdə verdim”. 
 
Özünə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yer tapan M.Rzayevanın oğlu "Heyvandarlıq" ixtisası üzrə 1 illik təhsil alır.
 
Təhsili ilə bağlı belə ciddi qərar qəbul etdiyinə baxmayın, işləmək üçün heç iddialı deyil, “Böyük müəssisədə işləyə bilmərəm, amma bağça kimi yerdə işləyərəm”, - deyir.
 
Mirhüseyn Məmmədovun isə qardaşı Mərkəzdə müəllimdir. O da elektron müraciət edib və aşpazlığa düşüb. Manqal yeməklərinə marağı var. Hədəfi öz restoranını açmaqdır. Elmin Şükürov XI sinfi bitirib peşə təhsili müəssisəsinə qəbul olunub: “Ofisiant işləyirdim, çalışdığım yerdə aşpazları görüb həvəsləndim”.
 
Burada güclü mühasiblər hazırlanır
 
Danışmağa da elə biş-düş qədər həvəsli olan aşpazlar qrupundan ayrılıb peşə təhsilindən sonra universitet xəyalı quranların arasına düşürük. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili verən 4 illik "Mühasibat uçotu" ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Müsabiqə ilə işə qəbul olunan müəllim Namiq İbrahimov yaxşı maliyyəçidir, mühasibat uçotundan dərs deyir və artıq yüksək nəticələr əldə edib: “Bu qrupda 19 tələbəm var. Yaxşı mühasib bu gün ən çətin tapılan peşələrdəndir. Çalışırıq tələbələrimizi elə yetişdirək ki, işəgötürənlər əl-əl axtarsınlar kadrlarımızı”.
 
Məhz əl-əl axtarılan kadrlardan biri olacağına inanan Əzizağa Quluzadə Namiq müəllimin bacarıqlı tələbələrindən biridir. Peşə təhsilinə IX sinifdən gəlib: “4 il oxuyacağam. Burada təhsilimi tamamlayıb universitetə daxil olmaq fikrindəyəm. Öz üzərimdə çox çalışacağam”.
 
Mebel istehsalına başlamaq əsas hədəfdir
 
Dual təhsil proqramı ilə bu müəssisədə qürur duyduqları nəticələr əldə ediblər. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində dual təhsil proqramı ilə 2 ixtisas - "Mebel ustası" və "Dərzi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Sözügedən proqramla hazırda 34 tələbə təhsil alır.
 
Əsas texnoloji proseslərin həyata keçirildiyi böyük mebel sexindəyik. 400 kvadrat metr sahədə tikilən bu ən müasir mebel sexi müasir avadanlıq, hər cür texnologiyalarla təchiz edilib. Burada tezliklə istehsal başlayacaq. Yeri gəlmişkən, qeyd edək ki, kütləvi mebel istehsalına başlamaq üçün sözügedən Peşə Təhsil Mərkəzində hər şey var. Xüsusən, hazırda Mərkəzdə mövcud olan 3D Printer kütləvi istehsala başlayanda onların işini çox yüngülləşdirəcəyini düşünürlər. 
 
Yeganə əngəl isə hüquqi prosedurlar, bir də partnyorun seçilməsindəki tərəddüdlərdir.
 
 
Dərzi qızlar usta oğlanları geyindirib, özləri isə...
 
Dual təhsil proqramı ilə tədris aparılan digər ixtisas dərzilikdir. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi dərziləri işləri ilə öyünür. Dərzi qızlar hazırda öz əl işləri ilə seçilir, tezliklə öz xüsusi geyimləri də fərqləndirəcək onları. Özləri üçün artıq bəyənilmiş bir forma da hazırlayıblar. 
 
Qeyd edək ki, hazırda mebel quraşdırma ixtisasında təhsil alan oğlanlar məhz dərzi qızların onlar üçün tikdikləri, mərkəzin loqosunu da yaxasına işlədikləri mavi xalatları geyinirlər. 
 
Ümumiyyətlə mebel ustaları ilə dərzilərin maraqlı iş ahəngi var. Mebel ustaları taxtanı çarpayıya, beşiyə, dərzilər də onları isti, güvən verən yatağa çevirirlər. Dərzi və üzlükçü dizaynerlərin ərsəyə gətirdiyi yorğan-döşəklər öz cəlbediciliyi ilə çıxdıqları hər sərgidə diqqətləri özlərinə çəkməyi bacarıb. Hələ II kursda oxuyan bu tələbələr III kursda bacarıqlarını daha da inkişaf etdirəcək, daha gözəl nümunələr yaradacaqlar.
 
Dərzilər qrupunun müəllimi Afəndə Novruzova deyir ki, qrupda təhsil alan 16 tələbəsi təcrübə keçdikləri iş yerində çox böyük nüfuza sahibdirlər: “Qızlarımız təcrübə üçün “Furkan” mebel şirkətinə gedirdi. Təcrübə olmayan günlərdə də zəng edib uşaqlarımızı soruşurdular”.
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tətbiq edilən dual təhsil proqramının tətbiqinin nəticəsi olaraq iki böyük mebel şirkəti ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıq imkan verir ki, tələbələr təhsilini tamamlayan kimi birbaşa texnoloji proseslərə yönəlsinlər. A.Novruzovanın sözlərinə görə, nəinki təcrübə, qurulan əməkdaşlıqlar nəticəsində Mərkəzin tələbələri işlə də təmin edilir. Azərbaycanın ən böyük mebel şirkəti mərkəzin artıq 4 tələbəsini işlə təmin edib.
 
Rayonda tələb olunan ixtisaslar
 
Kombi-kondisioner ustası üzrə 1 illik qrupda 15 nəfər təhsil alır. Burada hər növ kondisionerləri təmir etmək üçün şərait var. Qrupun müəllimi Yaşar Qurbanov deyir ki, ötən ay sınaq işi hazırlayıblar: “Uşaqlarımızın hər biri bir iş götürüb üzərində işlədilər. Rayondakı böyük santexnika mağazalarında təcrübə keçirdilər. Buna baxmayaraq, hər gün Mərkəzə gəlib sınaq işini hazırladılar və uğurla təhvil verdilər”.
Maraqlıdır, santexnika mağazasında necə təcrübə keçirlər? Y.Qurbanov deyir ki, satılan malları quraşdırmağa məhz onların tələbələri gedirlər.
 
Bu ixtisas üzrə birinci ildir ki, Peşə Təhsil Mərkləzində hazırlıq təşkil edilib. Çox güclü tələbat olan bu ixtisas üzrə İtaliya sertifikatlı peşəkar usta hazırlıq keçir.
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində daha bir ilk. Müəssisənin müəllimi Eldar Əliyevin hazırladığı sxem əsasında qurulan qızdırıcı sistem gah qazı, gah işığı olmayan yerlərdə çox sərfəlidir. Qaz sönəndə elektrikli çalışan qızdırıcı sistemdə problemi aşkarlayıb aradan qaldırmaq artıq tələbələri üçün su içmək kimi asandır.
 
 
 
Taxıldan böyük gəlir götürməyə hazırlaşırlar
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Özü də elə-belə yox, mal-qaranın arasında, torpağın içində yetişən bir komanda hazırlanır gələcəyə. 
Bitkiçilik üzrə hazırlığı aparılan kadrların iştirakı ilə hər məhsuldan az miqdarda əkirlər. Artıq məhsulların satışından gəlir belə əldə etməyə başlayıblar. 
 
Bitkiçilik üzrə mütəxəssis Cəlal Qasımov deyir 17 növ əkin aparılıb, 850-yə yaxın şitil əkiblər: “15 hektar ərazidə taxıl əkmişik. Həmin taxıldan bu il böyük gəlir götürəcəyimizi düşünürük”.
 
5 il əvvəl saldıqları bağda ayrı-ayrı meyvələr, tərəvəzlər əkilib. 3 sort kartof, hər cərgədə ayrı meyvə olan ağaclar, çiyələklər, qarğıdalı, günəbaxan, hətta pambığın yetişdirilməsində müəyyən uğurlar qazanıblar: “Çalışırıq ki, kimyəvi dərmanlardan istifadə etməyək. Məhsullarımızın dadı, ətri hiss olunsun”.
 
Bir sözlə, ekoloji cəhətdən təmiz, tam keyfiyyətli məhsul yetişdirməyə çalışırlar. Ancaq bəzən nəinki kimyəvi dərmanlardan istifadə məcburiyyətində qalır, hətta kimyəvi dərmanların belə aciz qaldığı durumlarla qarşı-qarşıya qalırlar: “Qaraca xəstəliyi ilə mübarizə aparmalı olduq”.
 
Tələbat ən çox "Heyvandarlıq mütəxəssisi" ixtisasınadır
 
Sadəcə bitkiçilikdən yox, heyvandarlıq sahəsində də qazanc əldə etməyə başlayan Peşə Təhsil Mərkəzi maldarlıq fermasında qoyulan əməyin qarşılığını almağa başlayıb. İlk növbədə, fermadakı iri buynuzlu mal-qaranın ətindən, südündə gəlir əldə edən PeşəTəhsil Mərkəzinin ən böyük qazancı bu sahədə ixtisaslaşan mütəxəssislər olacaq.
 
Fermer qrupu, aqroservis mütəxəssisi, bitkiçilik, heyvandarlıq və baytarlıq işi mütəxəssisləri hazırlanan qruplar içərisində tələbat ən çox "Heyvandarlıq mütəxəssisi" ixtisasınadır.
“Artıq 20 baş heyvan 34 baş olub. Onlardan 4-ü satılıb. 16 heyvan hazırda sağılır”, - deyən Mərkəzin müəllimi və baytarı Qeyrət Məmmədov deyir ki, fermanın 9 buzovu var, hər birinə tələbələr qulluq edir.
Deyəsən, bu cins inəklər arasında da bərabərlik pozulub, çoxluq dişilərdədir. Belə ki, 6 dənəsi dişi, 3-ü erkək olan buzovlara tələbələr ad da qoyub:  Ayça, Nənəş, Çiçək, Günəş, Sevinc, Tufan, Gözəl, Uğur və Qartal. 
 
Bər-bəzəkli qızlar qrupu
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində ən müasir peşələr də tədris olunur. Onlardan biri də bərbərdir. Sadəcə bərbər yox, manikürçü-vizajist-bərbər. 18 nəfərdən ibarət bu qrup I kursu uğurla başa vurub II kursa keçirlər. 
 
Qızların, gəlinlərin sevə-sevə yiyələndiyi bir peşədə olduqları sinif otağına girən kimi görünür. Bəzəkli-düzəkli qızların gözlərindən bəllidir ki, dərsləri çox əyləncəli keçir. İçəri girənə oturdub saç düzümü edə biləcəkləri, üzərində öyrəndikləri üz makiyajını sınayacaqları model kimi baxır, gözlərini qarşılarına çıxan hər kəsin dırnaqlarına dikirlər. Düzdür, cansız manikenləri də var. Amma onlar qanlı-canlı manikenləri -  fikrini bəyan edənləri daha çox sevirlər. Ona görə də, bir-birinin saçlarını pozur, yenidən düzəldir, şəkildən-şəklə salırlar. Nəticədə günün hər hansı vaxtı bu qrupa girən hər kəsi bər-bəzəkli görür.
 
 
Tələbələri işləyib qazanc əldə edir
 
Burada müasir peşələrdən kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, veb-dizayn və proqram təminatı üzrə hazırlıq da uğurla həyata keçirilir.
 
Məsələn, "Kompüter təmiri" ixtisası üzrə kadr hazırlığı və nəticələri də Mərkəzin qürur yeridir. Müəllim Elşən İbrahimov deyir tələbələri, sadəcə təcrübə keçmir, həm də işləyib qazanc əldə edir, 350-400 manat maaş alırlar. Üstəlik, sadəcə başqa yerlərdə işləmirlər, elə Mərkəzin kompüterləri də onlara əmanət edilir: “Hər gün 5 tələbəmizi saxlayırıq, məktəbimizin kompüterlə bağlı işlərini məhz onlar görür, katricləri doldururlar. Bu işlər üçün əlavə vəsait xərcləmirik, tələbələrimiz müəssisənin texniki problemlərini həll edirlər”.
 
“Kompüterlərin təmiri və onlara xidmət üzrə mütəxəssis” ixtisası üzrə qrupun fərqlənənləri isə Gülnar Ağayeva və Nicat Məhərrəmovdur. “Notebook” tipli kompüterlər üzərində yüksək bacarıqları artıq Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sosial şəbəkə hesablarının izləyicilərinə də məlumdur.
 
İT üzrə mütəxəssis hazırlığı da uğurla davam edir. 16 nəfərlik qrupun müəllimi Abbas Abbasov deyib ki, tələbələri arasında Nuranə Əhmədzadə, Vüsal Əliyev, Səid Sadıqov iş təklifi alıblar, təhsilləri bitən kimi iş həyatları başlayacaq.
 
Peşə təhsili müəssisəsində xüsusi istedadlı qrup təşkil olunub
 
“Müasir peşə” deyiləndə ilk ağlagələnlərdən biri də “uçan kameralar” – dronlardır. Dronları idarə edən qrup belə var Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində. Xüsusi istedadlı tələbələri seçib dron proqramlaşdırması və robototexnika üzrə dərnək qurublar. Əyyub Muradov fənn ixtisas müəllimidir. Ayrı-ayrı ixtisaslar üzrə təhsil alan tələbələrin birləşdiyi bu qrupun müəllimi də məhz odur. Müəssisədə proqramlaşdırma üzrə dərs deyir, Robotexnika dərnəyinə isə rəhbərlik edir: “Elektrotexnika, veb-dizayner və proqram təminatı, nəqliyyat ixtisasları üzrə təhsil alan tələbələrimiz arasında seçilən 10 istedadlı tələbəmizi bu dərnəkdə birləşdirmişik. Onlardan 7 nəfər veb-dizayner və proqram təminatı, 2 nəfər elektrotexnika, 1 nəfər isə nəqliyyat üzrə təhsil alan uşaqlardır. Burada çox maraqla işləyirlər. Uşaqların həm istedadlı olduqları, həm də maraqlı işlədikləri bir sahədir robototexnika. Biz də onların bu maraqlarını inkişaf etdirməyə çalışırıq”. 
 
Peşə Təhsil Mərkəzinin nəqliyyat problemi
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 2 velosiped dayanacağı var. Hər birində hər gün 40-50 velosiped dayanır. Müəssisənin direktoru Etibar Sadıqov “Azərbaycan müəllimi” qəzetinə müəssisə tələbələrinin nəqliyyatla bağlı problemindən danışarkən deyib ki, velosiped artıq çoxdan tələbələrin ən çox üstünlük verdiyi nəqliyyat növünə çevrilib: “Dayanacaq yaratmaq fikri müəssisə tikiləndə bizdən gəldi. Tələbələrimiz velosipedlə gəlir, hər biri bir ağacın altında park edirdi. Biz də ona görə yeni, müasir mərkəzimizdə dayanacaq nəzərdə tutulmasını təmin etdik”.
 
Bəs nəqliyyat? Bax, bu, çox böyük problemdir. Amma ağıllı tələbələri bu çətinliyin də öhdəsindən gəlməyi bacarıblar: “Sürücülərlə danışırlar, marşrut avtobusları “servis xidməti” rolunu oynayır, onları hər gün gətirir, ayın sonunda təqaüd aldıqları gün bankomata sürür, gediş haqqını elə oradaca yığırlar. Bu qayda ilə tələbələrimizi hər gün mərkəzə qədər daşıyan bir neçə marşrut var”.
 
E.Sadıqov deyir tələbələr bu razılaşmanı əldə edə bilməsə, işləri çox çətin olardı: “Masallıdan gələn marşrut nisbətən yaxına gəlsə də, yol təhlükəli olur. Nəqliyyat bizim üçün böyük problemdir”.
 
 
Yataqxana daha pulsuz olmayacaq
 
Tələbələr üçün ən təhlükəsiz yol isə elə Mərkəzin yataqxanasıdır. Nəinki təhlükəsiz, həm də sərfəli. Peşə Təhsil Mərkəzinin 5 mərtəbəli tələbə yataqxanası bu tədris ilində istifadəyə verilib. Həm qızlar, həm də oğlanların qaldığı yataqxanada 50-dən yuxarı I kurs tələbəsi yaşayır. Əksəriyyəti oğlanlardır. Bakı, Gəncə, Salyan Neftçala, Kürdəmirdə yaşayan tələbələr hələlik pulsuzdur, ancaq gələcəkdə ödənişli olacaq. Mərkəzin direktorunun sözlərinə görə, ilk ilində Cəlilabaddan olan tələbələrini də yerləşdirə biliblər. Amma növbəti ildən, sadəcə uzaqdan gələn tələbələr yerləşdiriləcək: “Yataqxanamızda 2 nəfərlik otaqlarda yataq, müasir avadanlıqlar, hər mərtəbədə hər cür şəraiti olan mətbəx, istilik, isti-soyuq su, paltaryuyan var. Yayın istisində belə sərin saxlayan Nil ağacları oksigenlə zəngin hava yaradır, tələbələr özlərini istirahət mərkəzində hiss edirlər”.
 
Növbəti tədris ilinin planları
 
E.Sadıqov növbəti tədris ilində müəssisəyə daha çox müraciət olacağını düşünür: “Müraciətin çox olması rəqabət mühiti yaradır və ixtisaslarımıza ən yaxşı göstəriciləri olanları seçirik. Məsələn, ötən il avtodiaqnostika üzrə 20 yerə 140 müraciət vardı, yəni 1 yerə 20 nəfər iddia edirdi. Bu rəqabətin bütün ixtisaslarımız üzrə olmasını arzulayırıq. Növbəti tədris ilindən başlayaraq bu hədəfimizə nail olacağımızı, ildən-ilə daha çox ixtisasımızın rəqabətli ixtisasa çevriləcəyini düşünürük”.
 
Mərkəz direktoru qəbul prosesindən də danışıb: “Elektron qəbul zamanı peşə ixtisaslarında attestatın orta balı, yüksək texniki peşə təhsili verən ixtisaslarda isə Dövlət İmtahan Mərkəzinin əsas fənlər siyahısındakı 3 fənn üzrə qiymətlər əsas götürülür. Qəbul portal.edu.az saytı vasitəsilə avtomatik aparılır”.
 
Onun sözlərinə görə, yüksək texniki peşə təhsilində başqa fənlərdən ən yüksək qiymət alsalar da, 3 əsas fəndən aşağı qiymət olması bu seçimdə uğursuzluğa səbəb olur: “Sistem həmin 3 fənn üzrə ən yüksək balı olan 20 nəfəri seçib qalanını kənarlaşdırır. Bu qəbulun üstünlüyü odur ki, qəbul olunanlar akademik göstəriciləri daha yaxşı olanlardır və bu da kadr hazırlığında öz nəticəsini verəcək”.
 
E.Sadıqov başa çatan tədris ilinin təcrübəsindən də danışıb: “Ən rəqabətli ixtisaslarımızda uğursuzluğa düçar olanlar məcbur olub başqa ixtisaslarımızı seçdilər. Odur ki, ötən il də boş qalan yerlərimiz II turda tamamilə doldu”.
 
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində növbəti tədris ilində 80 ödənişli yer olacaq: “Bu il 15 tələbəmiz ödənişli təhsil aldı. Onlardan bir nəfəri imtiyazlı kateqoriyadan idi. Növbəti tədris ilində ödənişli tələbələrin sayının artacağını proqnozlaşdırırıq”.
 
Proqnozlaşdırılan hədəflər çox, məqsəd isə birdir: rəqabətədavamlı kadr hazırlamaq. Onlar da buna artıq nail olduqlarını düşünürlər. Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov belə deyir: “Mütəxəssis bir dəzgahda yetişmir. Bizim tələbələrimiz də bir mütəxəssis kimi ən müasir avadanlıqlarla işləyə-işləyə yetişirlər. Mərkəzdə texnoloji proseslərin təşkili imkan verir ki, bütün böyük şirkətlər qapılarını tələbələrimizin üzünə açsın”.
 
Ruhiyyə DAŞSALAHLI