Qurumla universitet arasında əlaqələr genişlənir


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin  əməkdaşları noyabrın 13-də   Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

      

Görüşdə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin təhsil müşaviri Mahmud Ağırman, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki və agentliyin digər nümayəndələri iştirak ediblər. Qonaqlar AzMİU-nun Memarlıq fakültəsinə baş çəkib, studiya və laboratoriyalarla tanış olublar. Binada yerləşən komputer laboratoriyası və  çap mərkəzi ilə tanışlıqdan sonra onlar Memarlıq fakültəsinin kollektivi ilə görüşüblər.

      

Tədbiri AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq qonaqları salamlayıb. Universitetin maddi-texniki bazasının formalaşmasında TİKA-nın böyük rolunu xüsusi vurğulayan rektor buna görə qurumun rəhbərliyinə  təşəkkür edib. “AzMİU ilə TİKA arasında qurulan işgüzar əlaqələr sayəsində adıçəkilən qurum Memarlıq fakültəsinin maddi-texniki bazasının qurulması, auditoriya və studiyaların ən müasir avadanlıqlarla təchiz olunması, yeni texnologiyaların tətbiq olunması işində bizə  böyük dəstək verib”-deyə rektor bildirib.

 

Görüşdə Türkiyənin səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, türkiyəli tələbələr çıxış ediblər.

      

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti  ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin  Azərbaycan nümayəndəliyi arasında qurulan işgüzar əlaqələr biznes-partnyor və universitet tərəfdaşlığının ən bariz nümunəsidir. İqtisadi, texniki, sosial, təhsil və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verən bu qurum artıq bir neçə ildir ki, AzMİU ilə də səmərəli işgüzar münasibətlər qurub. Qurum universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə diqqət və qayğıyla yanaşaraq onun müasir avadanlıqlarla təmin edilməsinə  dəstək göstərir.  Bu məqsədlə bu ilin yanvarında TİKA Memarlıq fakültəsinin müəllim və tələbələrinin istifadəsinə  3D printer hədiyyə edib.Yeni tədris ilində isə TİKA AzMİU-nun Memarlıq fakültəsinin korpusunu bütövlükdə ən müasir texniki avadanlıqlarla təchiz edib. TİKA tərəfindən universitetin Memarlıq fakültəsinin komputer laboratoriyasına  53 ədəd komputer hədiyyə olunub. Bununla yanaşı, TİKA fakültəni14 proyektor, 6 smart board, 1ədəd 3 D skayner və digər texniki avadanlıqlarla da təmin edib.