162 nömrəli məktəbin şagirdləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olublar


Noyabrın 13-də AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “açıq qapı” günü keçirilib.

 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib. O qeyd edib  ki, gənclərin öz ana dilini və tarixini bilmələri onların mənəvi borcdur. Onların gələcəkdə dünyaya inteqrasiya etmələri  və Azərbaycan adını dünyada tanıtmaları üçün  riyaziyyat, informatika və ingilis dili bacarıqlarına yiyələnmələri vacibdir.

 

Görüşdə məktəbin direktoru Sevinc Abbasova,  müəllimlər Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları professor Məmməd Bayramoğlu, fizika-riyaziyyat elmləri namizədləri Vidadi Mirzəyev, Əbdürrəhim Quliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov 162 nömrəli tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.