Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində əksini tapıb.
 
Qeyd olunub ki, fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlilindən aydın olur ki, rayonların bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.
 
Belə rayonlara misal olaraq Cəbrayıl, Ağdaş, Salyan, Beyləqan, Kürdəmir, Qubadlı, Qəbələ, Tovuz, Kəlbəcər, Siyəzən, Bərdə, İsmayıllı, Culfa, Oğuz, Astara, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, İmişli, Ağcabədi, Neftçala, Ağstafa, Kürdəmir, Babək və Şərur rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 97.18%-i, Sumqayıt şəhəri üzrə 90.98%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə (Cəbrayıl, Qubadlı, Kəlbəcər, Şərur, Babək, Culfa və Ordubad rayonları istisna olmaqla) isə məzunların ən yaxşı halda 56–78%-i ali təhsil müəssisələrinə sənəd verib.