Sənəddə hər iki qurum arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur


Noyabrın 14-də Azərbaycan Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

İmzalanma mərasimində çıxış edən MEK direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və  memorandumun məqsədindən söz açaraq, imzalanan sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın Dövri Mətbuat Fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illər fəaliyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.Imanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.

 

Mətbuat Şurasının sədri, millət vəkili Əlfatun Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov memorandumun hər iki qurum arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib.

 

Tədbirdə “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, İdarə Heyətinin üzvləri Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz  Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək memorandumun əhəmiyyətini yüksək qiymətləndirib, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətlərindən bəhs ediblər. Çıxışçılar eyni zamanda bir sıra təkliflər də səsləndiriblər.

 

Sonda əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.