Qonaq “Səfir saatı”nda mühazirə oxumağa dəvət edilib


Azərbaycan Dillər Universitetinin rektoru  akademik Kamal Abdulla Britaniya Şurası – “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah (Tian Şah) ilə görüşüb.

 

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən akademik Kamal Abdulla ona universitet haqqında məlumat verib. Bildirib ki, təhsil ocağında bir çox dillər tədris olunur. Akademik Kamal Abdulla ADU ilə Böyük Britaniya universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirib. ADU-da həyata keçirilən “Səfir saatı” klubu barəsində də danışan rektor qonağı bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib.

 

Professor K.Abdulla Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyünü qeyd edib. Vurğulayıb ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni bir çox ölkələrdə tədris olunur.

 

Səmimi qəbula görə ADU rəhbərliyinə təşəkkürünü bildirən qonaq Samr Şah (Tian Şah) Bakıdakı səkkiz həftəlik iş fəaliyyəti müddətində şəhərə və buranın əhalisinin yüksək qonaqpərvərliyinə heyran qaldığını söyləyib. O, mövcud əlaqələrin, faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. Qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.

 

Sonda qonağa “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilinə tərcümə olunmuş variantı hədiyyə edilib.

 

Görüşdən sonra cənab Samr Şah (Tian Şah) ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərində görülən işlərlə tanış olub.

                                                                                                                                                                                         

Şakir CƏFƏROV