BDU-nun Filologiya fakültəsində Respublika elmi konfransı


Bakı Dövlət Universitetinin Filologiya fakültəsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib. 

 

Tədbiri açan BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov konfransın əhəmiyyətindən danışıb,  böyük mütəfəkkirin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr, ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlər, həmçinin ölkəmizdə cavidşünaslığın inkişaf istiqamətləri barəsində ətraflı məlumat verib.     

 

BDU-nun “Rus ədəbiyyatı tarixi” kafedrasının professoru Leyla Gərayzadə “Taleyi xalqının qədəri ilə bir yazılmış “səma şairi” adlı məruzəsində XX əsrin 30-40-cı illərində repressiyaya məruz qalmış minlərlə azərbaycanlının faciəli sürgün həyatından danışıb, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin keşməkeşli ömrü yoluna nəzər salıb. Məruzəçi H.Cavid irisinə ulu öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğıdan da bəhs edib.

 

“Cavid şəxsiyyəti və sözü zamanın işığında (H.Cavid haqqında bəzi düşüncələrim)” mövzusunda çıxış edən BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Etibar Talıblı Hüseyn Cavidin həm böyük şair, həm də görkəmli dramaturq kimi Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən, bədii fikrin inkişafındakı rolundan və bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən danışıb.

 

Qeyd edək ki, gənc tədqiqatçıların və tələbələrin də fəallığı ilə diqqət çəkən konfransın materiallar toplusunda respublikamızın 15 elm və ali təhsil müəssisəsindən ümumilikdə 104 məqalə çap olunub.