“Biz uşaqları öyrətmirik, birlikdə öyrənirik”


İş yoldaşları

 

Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərən Belma Tuğrul ilk suala cavabında qeyd edib ki, uşaq ikən hər şeyə maraq göstərən, xəyalpərəst olub, suallar verməyi xoşlayıb. Uşaqlığında doyunca oyun oynayan, bu gün isə Türkiyədə və dünyada oyun barəsində danışa bilən bir vətəndaş, akademik kimi çıxış etməsinin səbəbini oyuna dəyər verilən çevrədə böyüməsi ilə əlaqələndirib.

 

Təhsildə təbliğ etdiyi əsas ideyadan danışarkən, professor təməli uşağın olduğu yerdən başlamağı, yəni uşağı tanımağı, anlamağı, onunla bağlantı qurmağı, uşağların harada olduqlarını bilib oradan yola çıxmağı tövsiyə edib. B.Tuğrul öyrənmə prosesində uşaqların sinifdə dörd divar arasında qalmamasının, tədris zamanı daha geniş məkan seçilməsinin, uşaqlarla ünsiyyətdə ağılı, ürəyi və əlləri bir yerdə istifadə etməyin gərəkli olduğunu bildirib.

 

Uşaqları iş yoldaşları kimi gördüyünü vurğulayan B.Tuğrul xatırlayıb ki, körpəlikdə çevrəsində olan insanlar onu dinləyib ciddiyə aldığı andan o da ətrafdakıları dinləməyi öyrənib, özünə qarşı hörmət gördükdə hörmətin insan üzərində yaratdığı möcüzəni hiss edib. O, işlədiyi üçün birgə çalışdığı iş yoldaşlarının uşaqlardan ibarət olduğunu, belə söyləməklə onları nə qədər ciddiyə aldığını, fikirlərini dinlədiyini, hörmət etdiyini, suallarından yeni öyrənmələrə qapıların açıldığını düşündüyünü deyib. İş yoldaşlarının bu qədər maraqcanlı, yaradıcı, israrlı olmasının insanı həmişə formada saxladığını, daha məsuliyyətli olmağa sövq etdiyini bildirib. Professor iş yoldaşlarını sevdiyini bildirərək onların öyrənmə, məktəb, müəllim haqqında gözəl fikirlər düşünmələri üçün hər zaman uşaqlara ilham verməyə çalışdığını vurğulayıb. 

 

Oyunsevər məktəb mühiti

 

B.Tuğrul oyun təməlli məktəblərin diqqət etməli məqamları açıqlayarkən bildirib ki, burada söhbət fiziki olaraq oyunsevər məktəblərdən deyil, təhsil müəssisəsində çalışan bütün rəhbərlik, işçi heyət, müəllimlər, şagirdlərin bir bütün olmasından, təhsilverənlərin oyun dili mövzusunda danışması halına gəlməsindən gedir. Təhsil mütəxəssisi fərqli mühitlərdə böyüməsindən asılı olmayaraq keçmişində oyun oynamağın hər kəsi birləşdirən ortaq bir cəhət olduğunu qeyd edib. “Hər kəs yaşının bir dönəmində oyun oynayır. Mənim kimi olanlar hələ də oyun oynamağa davam edir. Oyun oynama sadəcə kiçikyaşlı uşaqlar üçün deyil, hər yaşda olan şagird, hətta müəllim üçün hələ də çox önəmli zehni, icraedici, emosional dəstəkləmə üçün bir qaynaq olduğunu bilməliyik. Qayda belədir ki, məktəbdə dərs öyrədilir, məktəbin divarlarından kənarda isə oyun oynanılır. Lakin məktəbdə oyunun qarşısını aldığımız zaman uşaqların öyrənmə kanallarından birini bağlamış oluruq. Oyunsevər məktəb mühiti yaratmaq üçün müəllimlər uşaq ikən oynadıqları həm fiziki, həm zehni, diqqət oyunlarını xatırlamalı, oyunların sadəcə uşaqlar üçün olması fikrini uzaqlaşdırmalıdırlar. Bu mənada məktəb rəhbərliyinin və müəllimlərin mövzuya aid maarifləndirilməsi gərəkdir. Oyun yolu ilə öyrətmə, öyrənmə mövzusunda müəllimlərin təcrübələrinin artırılması lazımdır”.

 

Oyunun təkcə uşaqlara deyil, yaşlı insanlara da yaxşı təsir etdiyini vurğulayan Belma Tuğrul həmkarlarından biri ilə artıq 2-3 aydır həyata keçirdiyi “Üçüncü bahar” adlı layihəsindən bəhs edib. Bu layihə çərçivəsində professor həftədə bir dəfə oyuncaqları, leqoları götürüb aralarında Demensiya, Altsheymer xəstələri olan yaşlı insanlarla görüşdüyünü, oyun yolu ilə onların müalicə prosesinə müsbət təsir etdiklərini diqqətə çatdırıb.

 

Oyun dili

 

Təhsil mütəxəssisinin fikrincə, pedaqoji anlamda oyun zamanı uşaqlar hərəkət edir, düşünür, hiss edir, rabitə qurur, yaradıcılıq meydana gəlir. Maarifləndirici və fiziki oyunların olduğunu qeyd edən qonaq rəqəmsal oyunlar da daxil olmaqla onların hər birinin uşağın inkişafına töhfə verdiyini vurğulayıb. Oyunsevər məktəb dedikdə oyun dilində danışan müəllimlərin, eyni zamanda valideynlərin nəzərdə tutulduğunu bildirən Belma xanım burada məqsədin oyun oynayaraq daha çox öyrənmək, oxumaq, yazmaq, ənənəvi tədrisin oyunlar vasitəsilə daha maraqlı şəkildə uşaqlara ötürülməsindən ibarət olduğunu söyləyib.

 

“Oyun həyata öncədən hazırlıqdır” fikrinin müəllifi Belma Tuğrul oyun təməlli təhsilə keçid etmək üçün müəllimlərə onu da tövsiyə edib ki, uşaqların necə öyrəndiyi, yadda saxladığı məqamlara xüsusi diqqət yetirsinlər. Uşaqların öyrəndiklərindən zövq almaları üçün oyuna ehtiyac duyulduğuna diqqət çəkən professor bildirib ki, öyrənmək nə qədər ciddidirsə, oyun da o qədər ciddi prosesdir. “Oyunun özünü ifadə etmə, kəşf etmə yolu olduğunu anlamaq lazımdır. Oyun uşaqların beyinlərində çözə bilmədiyi bir sualın səhnəsidir. Uşaq bağçasından universitetlərə qədər keçilən dərsləri oyunlaşdırma mövzusunda ixtisaslaşmaq üçün mühüm işlər görülməli, kurikulum hazırlanmalı, universitetlərdə müəllim yetişdirmə proqramlarına daxil edilməlidir. Oyun zamanı uşaqlar hisslərini düzgün ifadə etməyi öyrənirlər: hirslənirlər, qısqanırlar, kədərlənir və xoşbəxt olurlar. Eyni zamanda oyun mükəmməl bir strateji inkişaf sahəsidir. Oyun oynayarkən uşaq irəlidə hansı addım atmalı olduğunu düşünür, planlaşdırır”,  - deyə Belma Toğrul bildirib.

 

“Məqsəd uşaqları oynatmaq deyil, onlarla oynamaq olmalıdır”,“Oyunlarda müşahidəçi olun” fikirlərinin müəllifi B.Tuğrul xüsusi vurğulayıb ki, müəllim olmaq öyrənməyə davam etməkdir, maraqcanlı olmaqdır, uşaqların suallarına cavab vermək üçün yeniliklərə açıq olmaqdır. Bununla müəllim uşaqlara örnək olmalı, öz üzərində işləməklə uşaqları da öyrənməyə həvəsləndirməlidir. Qonaq müəllimlərə uşaqları dinləməyi, onların özlərini ifadə etmələri üçün imkan yaratmağı, uşaqları tez-tez təbiət qoynuna çıxarmağı tövsiyə edib. Belma xanım vurğulayıb ki, “Biz uşaqları öyrətmirik, birlikdə öyrənirik, bəzən uşaqlardan da öyrənirik. Bu, bir səyahətdir, uşaqlarla bərabər yola çıxmışıq”.

 

BOBİÇÖ

 

Şagirdlərin məktəbdə sıxılması, xoşbəxt olmaması haqqında sualı cavablandıran professor bildirib ki, məktəb təkcə dərs öyrədilən yer deyil, eyni zamanda uşaqların sosiallaşdığı bir məkandır. “Uşaqlara bir-birilə sosial bağların inkişaf etdirmələrinə imkan vermədikdə, onların özləri ilə baş-başa qalmaları üçün zaman ayırmadıqda, ancaq yüksək gözləntilər tələb etdikdə şagirdlərin məktəbə olan sevgisini boğmuş oluruq. Həm kiçik, həm də böyükyaşlı şagirdlər məktəbə güvənməli, özlərini məktəbə aid, yararlı hiss etməlidirlər. Onların məktəbdə olarkən özlərini yaxşı hiss etdiklərini bilmələri çox önəmlidir. Mənim bir tərifim var - BOBİÇÖ, açıqlaması belədir: “Burada Olman Benim İçin Çok Önemli”. Yəni müəllim uşaqlara deyir ki, sizin burada olmanız mənim üçün çox önəmlidir. Uşaqlar isə cavab verir ki, burada olmaq onlar üçün çox önəmlidir. Tək anlatmaqla deyil, davranışımızla da bunu nümayiş etdirməliyik. Anlayış göstərən müəllim olsaq şagirdlər həmin məktəbdə özlərini xoşbəxt hiss edəcəklər. Mənim fikrim belədir ki, müəllimlər məktəbi şagirdlərin qaça-qaça gələcəyi bir məkana çevirə bilərlər. Şagird məktəbdə özünü lazımlı hiss etməlidir, müəllim bunu şagirdə hiss etdirməlidir”, - Belma Tuğrul deyib.

 

Texnoloji vasitələrin, telefonların vüsət aldığı bir zamanda valideynlərə müraciətində Belma xanım uşaqları qulaqla deyil, qəlblə dinlənməyi, ehtiyaclarını zamanında yetərincə qarşılamağı tövsiyə edib. Bunun uşaqların hər istədiyini yerinə yetirmək anlamına gəlmədiyini, uşaqların “Məni dinləyin, görün, anlayın, məsuliyyətli olun” çağırışına məhəl qoyulmalı olduğunu bildirib. “Valideyn uşağı dinləməzsə, uşaq da valideyni dinləməz. Dəyişən dünyada uşaqları bütün yeniliklərdən xəbərdar etmək, suallarına, kəşf etmə həyəcanlarına ortaq olmaq gərəkdir. Uşaq düşünür, buraxdığı səhvlərdən öyrənir, ətrafı dərk edir”.

 

Belma Tuğrul qeyd edib ki, məktəb qurmalı olsaydı həmin məktəbin təbiətlə əlaqəli olmasına, açıq havada, muzeylərdə, kitabxanalarda dərslərin keçilməsinə, fərqli mədəniyyətlərdən, xalqlardan olan uşaqların bir arada oxumasına böyük önəm verərdi, incəsənətin, idmanın riyaziyyatla, təbiət elmləri ilə, ədəbiyyatla inteqrasiyasını təmin edərdi, tənəffüslərdə uşaqların yetərincə zaman keçirməsinə imkan yaradardı.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında professor B.Tuğrul atalar sözlərini çox sevdiyini deyib və aşağıdakı çağırışları səsləndirib:

 

1.      İnsanın özünü qorumasında birliyin, sosial və mədəni əməkdaşlığın vacibliyi.

2.      Bir-birimizdən öyrənməli, ilhamlanmalı, yararlanmalıyıq.

3.      Uşaqların dəyişməsi deyil, özünəməxsusluğunun qorunması.

4.      Sual verən, düşünən, maraqcanlı olmalıyıq.

5.      İsrarlı olmaq, məqsədinin dalınca getmək, təslim olmamaq, çalışmağa davam etmək motivasiyalı olmaqdan daha dəyərlidir.

6.      Emosiyalarınızı işinizlə qarışdırın.

7.      Mümkün olmayanı sınamaq, çətinliklərin öhdəsindən gəlmək.

8.      Daxilinizdəki uşaqla barışıq olun, içinizdəki uşaqla bərabər böyüyün. Müəllimsinizsə şagirdlərinizə, valideynsinizsə uşaqlarınıza, övladınız yoxdursa, içinizdəki uşağa xidmət etmək lazımdır.

 

Lamiyə ƏLİMƏRDANOVA