Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, media nümayəndələri üçün təşkil edilən tədbirdə 80-nə yaxın mətbuat təmsilçisi iştirak edib. 
 
Tədbir Təhsilin İnkişafı Fondunun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb. 
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.
 
Qeyd olunub ki, fəaliyyət dövründə fond 40-dan çox layihənin təşkilatçısı və tərəfdaşı olaraq 20.000-dən yuxarı insanı əhatə edib.  
 
Təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi fondun 2024-cü il ərzində xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest Aviaşirkəti” MMC şirkəti arasında ianə müqaviləsi imzalanıb. Dövlət-özəl əməkdaşlığının bariz nümünəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə xüsusi imtiyazlara sahib olacaq vahid tələbə kartının yaradlması istiqamətində işlər görülür. 
 
Daha sonra Fond sədri media nümayəndələrinin suallarını cavablandırıb. 
 
Tədbirin gedişatında fondun həyata keçirdiyi layihələrdən bəhrələnən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Fidan Fərzəliyeva, “IELTS imtahanına təşviq” layihəsinin iştirakçısı Çingiz Əsgərli və “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı Elmira Orucova öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. 
 
Təhsilin İnkişafı Fondunun ilk layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra edilən Hənifə Məlikova-Zərdabi adına “Qızların təhsilinə dəstək” təqaüd proqramı olub. Məhz bu səbəblə, qızların təhsilinə və qadınların səlahiyyətləndirilməsinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Fondun yaradılmasının 3-cü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirilib. Tədbir zamanı müsabiqə qaliblərinin təltifedilmə mərasimi keçirilib. Qaliblərə  “Lenovo Global Technology Azerbaijan” MMC tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
 
Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.
 
Tədbirin sonunda TİF İdarə Heyətinin sədri Elnur Nəsibov media nümayəndələrinə bu 3 il ərzində fondun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında göstərdikləri dəstəyə görə təşəkkür edib və qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə hər kəsi təbrik edib. 
 
Təhsilin İnkişafı Fondunun 2023-cü il üzrə fəaliyyətinə dair hesabat jurnalı ilə buradan tanış ola bilərsiniz.