ADPU-da gənclərin elmi-tədqiqat işlərinə cəlb edilmələrinə xüsusi önəm verilir


Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” mövzusunda 75-ci elmi konfransı keçirilib.

 

Konfransı  açan Elm və innovasiyar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də yaranıb və 23 ay fəaliyyət göstərməsinə baxmayaraq böyük işlər həyata keçirib. Azərbaycan yenidən öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. Lakin 1991-1993-cü illərdə xalqımız yenə də öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışıb. Yalnız ulu öndər Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə gəldikdən sonra müstəqil dövlətimizi qoruyub, gücləndirib, onu dünya birliyində layiqincə tanıdıb.

 

Qüdrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin həmişə elmə, təhsilə, intellektual potensialın formalaşmasına böyük diqqət yetirdiyini və bu istiqamətdə məqsədyönlü səmərəli fəaliyyət göstərdiyini deyən A.Zamanov   Prezident  İlham Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkə rəhbərliyi insan kapitalının inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Bizim başlıca vəzifəmiz ADPU-da elm və təhsilin inkişafının təmin edilməsi, intellektual potensialın yüksəldilməsidir. Prorektor  son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi əsərlərinin sayının artdığını müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, universitetin rəhbərliyi gənclərin elmi-tədqiqat işlərinə cəlb edilmələrinə, onların elmi fəaliyyətinin stimullaşdırılmasına xüsusi önəm verir. Professor A.Zamanov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, TEC-in sədri, kimya üzrə elmlər doktoru Əli Zalov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, professor Nailə Verdizadə çıxış edərək gənclərin TEC-dəki fəaliyyətini onların elmə marağının artması, formalaşması dövrü kimi səciyyələndirərək gənc tədqiqatçılara daha çox diqqətin ayrılmasını, varislik və müasirlik prinsipinin qorunmasının vacibliyini bildiriblər.

 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbəsi Aslan Muradoğlu, Fizika və texnologiya fakültəsinin tələbəsi Nəzrin Babayeva və başqaları çıxış edərək belə elmi konfransların tələbə-gənclərin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğulayıblar.

 

Sonra konfrans öz işini “Riyaziyyat və informatika”, “Fizika və texnologiya”, “Kimya və biologiya”, “Tarix və coğrafiya”, “Musiqişünaslıq”, “Pedaqogika və psixologiya”, “Korreksiyaedici təlim” bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 226 məruzə dinlənilib, müzakirələr aparılıb.

 

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul olunub, ən yaxşı məruzəçilərə diplomlar təqdim edilib.