NDU-da 17 noyabr-Milli Dirçəliş Günü qeyd olunub


Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 225-ci məşğələsi 17 noyabr-Milli Dirçəliş Gününə həsr olunub.

 

Lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını qeyd edib. Bu günün tarixinin 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlı olduğu vurğulanıb. Rektor bildirib ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

 

“Ümum tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı “17 noyabr milli oyanış-milli özünüdərkdir” mövzusundakı çıxışında  Milli Dirçəliş Gününün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda “Azadlıq” meydanında başlayan milli-azadlıq hərəkatı-mitinqləri ilə bağlı olduğunu qeyd edib. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiyanın keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası olduğu vurğulanıb. Bildirilib ki,  “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.