Tərəflər elmi yeniliklərin biznesə inteqrasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi və s. kimi sahələrdə əməkdaşlıq edəcək


Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.  

 

Tədbirdə çıxış edən  UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki,  Prezident İlham Əliyevin 2013-ci ildə imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda   tədris və kadr məsələlərində, tədrisin məzmununun formalaşmasında işəgötürənlərin  fikirlərinin nəzərə alınması birmənalı olaraq  qeyd olunur.   Rektor diqqətə çatdırıb ki,  sənəddə  son 30-40 il ərzində dünyada baş vermiş  qlobal texnoloji dəyişikliklər nəticəsində  praktika ilə bağlı olmayan sırf akademik biliklərin fundamental əhəmiyyətini itirməsi də öz əksini tapıb.  "Buna görə də təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biri tələbələrə nəzəri biliklərlə yanaşı, daha çox praktiki bilik və vərdişlərin aşılanmasıdır. Vərdiş deyərkən isə tələbənin əldə etdiyi nəzəri bilikləri  tətbiq etmə bacarığı  nəzərdə tutulur",-deyə Ə.Muradov bildirib.  Onun sözlərinə görə,  biz real sektorla əməkdaşlıqda çox maraqlıyıq:  "Biz inanırıq ki,  qarşımızda qoyduğumuz real bazarın tələblərinə cavab verən və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq hədəfinə  real  sektorla  əməkdaşlıq etmədən  nail ola bilmərik".  Tələbələrin elmi biliklərlə yanaşı praktiki vərdişlərə yiyələnməsinin zəruriliyini qeyd edən rektor əmək bazarının tələblərinə uyğun  mütəxəssis hazırlığının vacibliyini, UNEC-in bu sahədə kifayət qədər böyük potensiala sahib olduğunu bildirib.   İki qurum arasında əməkdaşlığın əhəmiyyətindən söz açan rektor qeyd edib ki,  UNEC Kiçik və Orta Biznesin İnkişafı Agentliyi üçün  beyin mərkəzi olmağa hazırdır.  
    

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Agentliyin fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır və iki qurum arasında əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş əməkdaşlıq platforması yaradır.  O.Məmmədov  kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsinə, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsində hər bir dəstəyə hazır olduqlarını qeyd edib

 

UNEC-lə əməkdaşlıq çərçivəsində  innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması, elmi yeniliklərin biznesə inteqrasiyası istiqamətində tədbirlər həyata keçiriləcək, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları və metodiki vəsaitlərin hazırlanmasında birgə iştirak təmin olunacaq, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi diqqət mərkəzində saxlanılacaq

 

Sonda  UNEC,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi UNEC-in rektoru Ədalət Muradov və  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
   

Anlaşma Memorandumuna əsasən, tərəflər elmi yeniliklərin biznesə inteqrasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin tələbatına uyğun ixtisaslar üzrə təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi sahəsində əməkdaşlıq edəcəklər.

 

Oruc MUSTAFAYEV