Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2023-2024-cü tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, 196 məzun 600 baldan yuxarı nəticə göstərib.

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 71 məzun, Qəbələ rayonu üzrə 53, Zaqatala rayonu üzrə 29, Qax rayonu üzrə 17, Balakən rayonu üzrə 15, Oğuz rayonu üzrə isə11 məzun 600-dən çox bal toplayıb.
 
Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu Zərifə İlyasova göstərib. O, I ixtisas qrupu üzrə imtahanlarda 700 bal toplayıb.
 
Zaqatala rayonu üzrə isə ən yüksək nəticəyə rayonun Musa Musayev adına Dağlı kənd tam orta məktəbin məzunu 689 balla Fəxri Orucov nail olub. 
 
Digər rayonlar üzrə ən yüksək nəticəni Balakən A.Novruzov adına Humanitar və texniki təmayüllü liseyinin məzunu Ülvi İbadov (683), Qəbələ rayonu Həmzəli kənd tam orta məktəbin məzunu Elşən Yusibov (682 bal), Qax rayon Almalı kənd tam orta məktəbin məzunu Nihad Mahmudzadə (671 bal), Oğuz rayon Bucaq kənd tam orta məktəbin məzunu Fəridə Rəşidzadə (668 bal) göstəriblər.