Avqustun 16-da Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində Məzunlar Assosiasiyası yaradılıb və əsasnaməsi təsdiq edilib.
 
Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzin direktoru Afər Kərimov məlumat verib.
 
Onun sözlərinə görə, 15 nəfərlə təşkil olunan Assosiasiyanı LDPTM-nin arıçılıq ixtisası üzrə məzunları yaradıb. Direktorun sözlərinə görə, yeni qurum hər il mərkəzin məzunlarının siyahısını hazırlayacaq, məzunların və tələbələrin peşə hazırlığının artırılmasına xidmət edən fəaliyyət həyata keçirəcək. Məzunları üçün qəbullar, təqdimatlar, seminarlar, banketlər, mətbuat konfransları, görüşlər, istirahət saatları təşkil edəcək. Assosiasiya  üzvlərinin yaradıcı, ixtiraçı və sahibkarlıq fəaliyyətlərinə kömək edəcək.
 
Assosiasiyanın yaradılmasında məqsəd Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının maraqları əsasında onlarla əlaqələrin genişləndirilməsi, faydalı münasibətləri inkişaf etdirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərmək, məzunlar arasında birlik hissini təşviq etməkdir. Assosiasiya Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin  məzunu olmayan, amma peşə təhsilinə və yaxud təhsilə dəstək verənlər, içtimai çəkisi olan şəxslər, işəgötürən təşkilatların rəhbərlərinə “Fəxri məzun” kartı verəcək, onlarla karyera məsləhət saatları təşkil edəcək, Məzun Forumu keçirəcək. Məzunlarla birgə layihələrin icra edilməsi və gələcəkdə məzunların dəstəyi ilə “Endowment Fund” yaradılması da Assosiasiyanın qarşısına qoyduğu məqsədlərdəndir. 
 
Ruhiyyə DAŞSALAHLI