Məlum olduğu kimi, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün "Kompüter mühəndisliyi", "Sənaye mühəndisliyi" və "Qida mühəndisliyi" ixtisasları üzrə tədrisin təşkilini həyata keçirəcək. Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. 
 
“Azərbaycan müəllimi” Türkiyə-Azərbaycan Universitetinin bölüm rəhbərlərinin tədris prosesi ilə bağlı fikirlərini öyrənib.
 
Türkiyə-Azərbaycan Universitetinin sənaye mühəndisliyi bölümünün rəhbəri Ömer Faruk Beyca İstanbul Texniki Universitetinin sənaye mühəndisi şöbəsində işləyir. Onun sözlərinə görə, sənaye mühəndisliyi resursları səmərəli şəkildə istifadə etmək üçün planlar və optimallaşdırmalar edir:

“Əslində, bu sahə kompüter mühəndisliyi və digər mühəndislik sahələri ilə birbaşa əlaqəlidir. Buna görə də, yaxşı mühəndisin həm riyazi, həm də kompüter elmləri sahəsində bacarıqları yüksək səviyyədə olmalıdır. Bildiyimiz kimi, hazırda böyük bir məlumat sıxlığı var və biz bu informasiyalardan anlamlı məzmun çıxararaq resursları optimallaşdırmalıyıq”. 
 
 
Türkiyədən gələn koordinatorlar il boyu universitetdə olacaq
 
Ö.Beyca bildirib ki, üç proqramın bir universitetdə tətbiq edilməsi olduqca təqdirəlayiqdir:
 
“Türkiyənin elmi təcrübəsini və ən çox seçilən 3 universitetinin professorlarını bura gətirmək böyük üstünlük olacaq. Düşünürəm ki, bu həm Türkiyəyə, həm də Azərbaycana çox müsbət töhfələr verəcək. Tədris prosesinə nəzarət məqsədilə İTÜ, ODTÜ və Hacettepe-dən təyin edilmiş koordinatorlar il boyu universitetdə olacaq”.
 
O vurğulayıb ki, Azərbaycanda sənaye mühəndisliyi sahəsi daha çox istehsal yönümlüdür:
 
“Ona görə də, xüsusən qız tələbələrimiz bu bölümü seçməkdə bir az tərəddüd edirlər. Türkiyədə isə məzunlarımız daha çox xidmət sektorunda çalışırlar. Bu səbəbdən həm oğlan, həm də qız tələbələrimiz üçün bir çox üstünlükləri olan perspektivli şöbədir. Onu da əlavə etmək istərdim ki, xüsusilə bazarın ehtiyaclarına uyğun olaraq, biz İstanbul Texniki Universiteti olaraq yaxın gələcəkdə tədris planımızı tamamilə yeniləyəcəyik. Yeni proqramı, əsasən, data elmləri sahəsinə istiqamətləndirmişik. Beləliklə, kursumuzu bitirən tələbələrin əksəriyyəti biznes və data analitiki olaraq işləməyə başlayacaqlar”.
 
Tələbələr minimum (yetərlilik) imtahanı verəcəklər
 
Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi bölümünün rəhbəri Okan Topçunun sözlərinə görə, ixtisas proqramı Orta Doğu Texniki Universitetinin kompüter mühəndisliyi proqramı ilə eyni şəkildə planlaşdırılıb:
 
“Semestrin başlanmasından əvvəl tələbələr üçün minimum (yetərlilik) imtahanı keçirəcəyik. Bu imtahandan keçən tələbələr birbaşa tədris prosesinə qoşulacaqlar, imtahandan keçməyən tələbələr isə ingilis dilindən bir il hazırlıq keçdikdən sonra proqrama başlayacaqlar. Ümumilikdə, hazırlıq prosesi ilə bərabər təhsilin 5 il olması nəzərdə tutulur”. 
 
 
O.Topçu qeyd edib ki, professorlar ODTÜ-dən Bakıya gəlib, tələbələrə dərs keçəcəklər:
 
“ODTÜ-nün proqramı uzun illər ərzində özünü sübut edib. Tələbələrimizə birinci ildən etibarən həm nəzəriyyə, həm də kompüter mühəndisliyi kurslarını öyrətməyi hədəfləyirik. Onlar məzun olandan sonra ODTÜ-dən də diplom alacaqlar. Məzunlarımız həm Türkiyədə, həm də dünya üzrə bir çox böyük şirkətlərdə çalışa bilərlər. Önəmli universitetlərdə magistr və doktorantura təhsillərini davam etdirə bilərlər. Kompüter mühəndisliyi hazırda müasir dünyada tələb olunan sahələrdəndir. Biz əlimizdən gələni edəcəyik ki, tələbələrimiz gələcəkdə dünya səviyyəli universal mühəndislər olsunlar”.
 
Tələbələrimiz gələcəkdə universitetdə müəllim kimi işləyəcəklər
 
Türkiyə-Azərbaycan Universitetinin qida mühəndisliyi bölümünün rəhbəri Umran Uyqun isə Hacettepe Universitetinin əməkdaşıdır. Onun sözlərinə görə, qida mühəndisliyi sahəsinə geniş laboratoriya infrastrukturu lazım olduğundan bu, böyük maliyyə tələb edən bir departamentdir:
 
“Bildiyiniz kimi, qida sektoru çox əhəmiyyətli bir sahədir. Ona görə də belə bir bölümün açılması da vacib idi. Bəzən qida mühəndisini aqronomla qarışdırırlar. Ancaq bunlar fərqli sahələrdir. Çünki aqronom xammal hazırlayır, qida mühəndisi isə hazırlanan xammalın məhsul kimi ərsəyə gətirilməsi istiqamətində işlər görür. Bu mərhələdəki bütün işlərə qida mühəndisi cavabdehdir. Mən deyərdim, hətta tibbdən sonra insan sağlamlığına ən çox təsir edən peşə qida mühəndisliyidir”.
 
 
Umran Uyqun qeyd edib ki, hazırda universitetdə magistratura və doktorantura səviyyələrində təhsil mövcud deyil, ancaq gələcəkdə nəzərə alına bilər:
 
“Hər iki ölkənin imzaladığı bu memorandumdan sonra universitet tədricən inkişaf edəcək. Bütün universitetlər ilk açılanda orada yüksək təhsil növləri olmur. Hesab edirəm ki, 1-2 ilə tədrisin digər növlərinin də təşkili həyata keçiriləcək. Çünki biz burada öz tələbələrimizi həm də Türkiyə-Azərbaycan Universitetinin gələcək müəllimləri kimi yetişdirəcəyik, bizim bir missiyamız da bu olacaq”.

 
Günel ABBAS