Universitetdə bir neçə kafedra birləşdirilib


Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şurasının 2 saylı iclası keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru , professor Akif Süleymanov qeyd edib ki, bu gün Elmi Şura yeni tərkibdə fəaliyyətə başlayır. Rektor bu münasibətlə Elmi Şura üzvlərini, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyevi 70 illik yubileyi ilə əlaqədar təbrik edib. Sonra gündəlikdə olan məsələlərə baxılıb.

 

Təhsil Nazirliyinin UTECA-nın Elmi Şurasının tərkibinin (32 nəfər) təsdiqi ilə bağlı əmri elan edildikdən sonra səsvermə yolu ilə Mətanət Əhmədova elmi katib seçilib.

 

Təsərrüfat işləri üzrə prorektor Adil Tağıyev universitetdə aparılan təsərrüfat işlərinin hesabatı və qış mövsümünə hazırlıqla baglı danışıb.

 

Daha sonra elm və texnika üzrə prorektor Səbuhi Yusifov universitetin startap fəaliyyəti haqqında çıxış edib. O, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində görülən işlərə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığa toxunub, UTECA əməkdaşlarının universitetdə və kənarda təşkil etdikləri elmi seminarların, digər tanınmış mütəxəssislərin UTECA – da keçirdiyi təlimlərin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, 200-dən artıq layihənin təqdim olundugu İkinci Respublika İnnovasiya müsabiqəsində növbəti mərhələyə 24 startap vəsiqə qazanıb ki,  onlardan ilk keçəni UTECA tələbəsi Könül Qədimovanın layihəsi  olub.

 

İclas zamanı Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri, sədri və yeni tərkibi səsvermə yolu ilə seçilib. Professor Elşad Məmmədov TEC-in elmi rəhbəri, Şakir Əliyev isə sədri seçilib.

 

Dekanların hesabatı bölümündə Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev kafedralarda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb.

Sonra səsvermə yolu ilə Elm və təhsil (5 nəfər), Sosial iqtisadi (7 nəfər), Attestasiya (5 nəfər), Etika (7 nəfər), Tədrisin keyfiyyətinə nəzarət (12 nəfər) Komissiyalarının tərkibi müəyyən edilib, Tədris metodiki şuranın 13 nəfərdən ibarət üzvü seçilib.  

 

Daha sonra tədris şöbəsinin müdiri Piri Axundov bəzi kafedraların birləşdirilməsi, Ali riyaziyyat və fizika kafedrasının bazasında isə Tətbiqi fizika və Tətbiqi riyaziyyat kafedralarının yaradılmasının təklifi barədə çıxış edib. Səsvermə yolu ilə Yüngül sənaye mühəndisliyi və Dizayn kafedralarının vahid Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası adı altında birləşdirilməsinə,  Tofiq Mirzəyevin bu kafedraya rəhbərlik etməsinə qərar verilib. Elmi Şuranın daha bir qərarı ilə Keyfiyyət mühəndisliyi və Ekologiya mühəndisliyi kafedraları isə bundan sonra Keyfiyyət və ekologiya mühəndisliyi kafedrası kimi fəaliyyət göstərəcək. Professor Elşad Məmmədov Keyfiyyət və ekologiya mühəndisliyi kafedrasının rəhbəri seçilib.

 

İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev iş qrafikində dəyişiklik barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq, qış fəsli ilə əlaqədar 10 dekabrdan iş saatlarının 8:30-dan 17:00-dək olmasına qərar verilib.  

 

Sonda keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov UTECA-nın da qoşulduğu EQAC layihəsi haqqında məlumat verib.