Sentyabrın 8-i bütün dünyada Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur.  

 

UNESCO tərəfindən 1967-ci ildən başlayaraq dünya ictimaiyyətinə daha savadlı, ədalətli, sülhpərvər və davamlı təhsil yaratmaq üçün savadlılığın kritik əhəmiyyətini xatırlatmaq üçün 8 sentyabr bütün ölkələrdə Beynəlxalq Savadlılıq Günü elan olunub. 

 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu günün məqsədi diqqəti savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına cəlb etməkdir.

 

UNESCO qeyd edir ki, savadlılıq hamı üçün əsas insan hüququdur. Bu, digər insan hüquqlarından, daha böyük azadlıqlardan və qlobal vətəndaşlıqdan istifadə etmək üçün qapı açır. Savadlılıq bərabərlik və ayrı-seçkiliyə yol verməməyə, qanunun aliliyinə, həmrəyliyə, ədalətə, müxtəlifliyə və tolerantlığa hörmətə əsaslanan davamlı sülh mədəniyyətini inkişaf etdirmək üçün insanların daha geniş bilik, bacarıq, dəyərlər, münasibət və davranışlar əldə etməsi üçün təməldir. 

 

Bununla belə, 2022-ci ildə 15 və daha yuxarı yaşda olan hər 7 uşaqdan birində (754 milyon) əsas savadlılıq bacarıqları yox idi. Bundan əlavə, milyonlarla uşaq oxuma, yazma və hesablama bacarıqlarının minimum səviyyələrini əldə etmək üçün mübarizə aparır, 6-18 yaşlı 250 milyon uşaq isə məktəbə getmir. 

 

Bu il Beynəlxalq Savadlılıq Günü "Çoxdilli təhsilin təşviqi: qarşılıqlı anlaşma və sülh üçün savadlılıq" mövzusuna həsr olunub.  

 

UNESCO-nun bu xüsusda bəyanatında qeyd olunur ki, qarşılıqlı anlaşma, sosial birlik və sülhü təşviq etmək üçün savadlılığın transformativ potensialından istifadə etməyə ciddi ehtiyac var. Çoxdilliliyin bir çoxları üçün adi bir təcrübə olduğu müasir dünyada savadlılığın inkişafı və təhsili üçün çoxdilli yanaşmanın mənimsənilməsi ilə insanların səriştələrinin artırılması onun koqnitiv, pedaqoji və sosial-iqtisadi faydaları baxımından xüsusilə təsirlidir. Bu cür yanaşma kommunikasiyanı möhkəmləndirməklə yanaşı, qarşılıqlı anlaşma və etimadı təşviq etməyə kömək edə bilər.

 

UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir:

"Çoxdilli təhsilin faydaları yaxşı sənədləşdirilmiş və tədqiqatlarla sübut edilmişdir. Uşaqlara öz ana dilində təhsil təklif edildikdə, onların daha çoxu məktəbə gedir, kənd yerlərindən gələn qızlar təhsildə daha uzun müddət qalır və bütün uşaqlar daha yaxşı düşünmə bacarıqları əldə edirlər. Çoxdilli təhsil də mədəniyyətlərarası dialoqu, sosial birliyi və sülhü dəstəkləyir”. 

 

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq 100 faiz təmin olunub. Savadlılıq ölkəmizdə təhsilin inkişaf strategiyalarında əsas prioritetlərdən biridir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təhsil bizim gələcəyimizdir. 

 

“Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.

 

Oruc MUSTAFAYEV