Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.
 
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
 
Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Daha sonra BŞTİ-nin 2023-2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. 
 
E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib. 
 
Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.
 
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023-2024-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. 
 
N.Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.
 
N.Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb. 
 
Konfrans panel müzakirələrlə davam edib. 
 
Panel müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak edib. 
 
Panel müzakirələrdə konfrans iştirakçılarının  fikirləri dinlənilib, qonaqların, ekspertlərin təklif və tövsiyələrinə yer verilib, suallar cavablandırılıb.
 
Daha sonra Bakı şəhəri 113 nömrəli tam orta məktəbin məzunu, Qarabağ Universitetinin tələbəsi Əli Məmmədzadə çıxış edərək öz uğur hekayəsindən danışıb, qarşıya qoyduğu məqsədlərdən söz açıb.