"Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Bu əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır. Məsələn ibtidai sinif müəllimliyi və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur".
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.
 
O bildirib ki, burada iki məqam var və biri fundamental problemdir: 
 
"İbtidai məktəblərdə az, cəmi 2-4 sinif olur. Belə olan halda musiqi dərsi cəmi 4 saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil, çünki 4 saatın əməkhaqqısı çox aşağı olur. Yaxud 9 illik məktəblərdə toplasanız bir müəllimin 9-12 saat dərsi olur ki, əgər müəllim həmin kənddə yaşayan adam deyilsə getmir". 
 
Nazir əsas səbəbləri qeyd edib: 
 
"Buna görə də biz təhsilin strukturuna bir daha baxmalıyıq. Nələrin səmərəli olub-olmadığını bilməliyik. Burada obyektiv səbəblər var. Bunun müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz ki, bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlar kifayət qədər bacarıqlı, savadlı gənclərdir".
 
Günel ABBAS