Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqinin rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər Universitetində olub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Qonaqlar təmsil etdikləri universitetlər haqqında təqdimatla çıxış ediblər.
 
Sonra Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, Anhui Universiteti və Xəzər Universiteti arasında Çin dili ixtisası üzrə birgə bakalavr proqramı layihəsinin yaradılmasına dair üçtərəfli müqavilə imzalanıb.
 
Sənədi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı və Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqi imzalayıb.