Artıq bir neçə gün sonra ölkəmizdə 2024-2025-ci tədris ilinə start veriləcək. Bəs görəsən müəllimlər yeni tədris ilinə necə hazırlaşır? Həmçinin qarşıdan gələn tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq. Bununla bağlı müəllimlər nələr etməyi planlayır?
 
"Azərbaycan müəllimi" bununla əlaqədar olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan bir neçə müəllimin fikirlərini öyrənib.
 
İlk müsahibimiz riyaziyyat müəllimi olan Gülnarə Hüseynovanın sözlərinə görə, 19 illik pedaqoji təcrübəyə malikdir və müəllimlərin sertifikasiya imtahanında iştirak edərək, 60 bal toplayıb:
 
 
"Yeni dərs ilinə böyük həvəslə hazırlaşıram, yeni şagirdlərimi görməyi, onlara öyrənməyi öyrətmək, müstəqil düşünmə, ünsiyyət, riyazi bacarıqları aşılamağı səbirsizliklə gözləyirəm. Bu ilki ilk dərsimiz "Yaşıl dünya naminə həmrəylik" mövzusuna aid İKT avadanlıqlarından istifadə edib məlumat xarakterli videoçarx hazırlamağı, daha sonra kağız tullantılarından səmərəli istifadə, yenidən emal üçün şagirdlərlə bərabər layihə hazırlamağı planlayıram".
 
Digər müsahibimiz olan Tərgül Nərimanova isə, deyib ki, 5 ildir ki, Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ingilis dilini tədris edir. Tərgül müəllimə də sertifikasiya imtananında maksimum nəticə olan 60 balı toplayıb:
 
 
"Yeni tədris ilinə ötən illərdəkindən daha çox həvəsliyəm. Çünki bu il mənim üçün çox uğurlu keçdi. Bu il daha enerjili və daha istəkli şəkildə tədris ilinin açılmasını gözləyirəm. Bildiyimiz kimi bu il tədris ilinin ilk günü "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq. Bunun üçün artıq bəzi hazırlıq işləri görmüşəm. Dərs müddətində slayd şoulardan istifadə edəcəm. Şagirdlərimlə "Yaşıl dünya" haqqında maarifləndirici söhbətlər aparacam".
 
Daha bir müsahibimiz 10 ildir ki, riyaziyyat fənnini tədris edən Niyaməddin Nəcəfovdur. Niyaməddin müəllimdə digər iki həmkarı kimi sertifikasiya imtahanından 60 bal toplayıb:
 
 
"Salyan rayonu Şəkərli kənd ümumi orta məktəbində çalışıram. Yeni dərs ilinə hazırlıqla bağlı olaraq şagirdlərə dərsliklər paylanılıb, prespektiv planlaşdırma, diaqnostik qiymətləndirmə vasitələri hazırlanıb, həmçinin sinif otağı hazırlanıb və digər vacib sənədlərin hazırlanması həyata keçirilib. 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs Yaşıl dünya naminə həmrəylik mövzusuna həsr olunacaq. Bununla bağlı slaydlar, videoçarxlar hazırlayıram. Məktəb kənarında, ağaclara qulluq, yeni ağacların əkilməsi kimi tədbirlər nəzərdə tutmuşam. Şagirdlərlə təlimata uyğun dərs prosessinin qurulmasın planlaşdırmışam".
 
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Şirvan şəhəri üzrə I sinif 1029, IX sinif 1274, XI sinif 832 nəfər, Biləsuvar rayonu  üzrə I sinif 1171, IX sinif 1451, XI sinif 979 nəfər, Neftçala rayonu üzrə  I sinif 777, IX sinif 944, XI sinif 655 nəfər, Salyan rayonu üzrə I sinif 1634, IX sinif 1986, XI sinif 1448 nəfər, Hacıqabul rayonu üzrə I sinif 930, IX sinif 1097, XI sinif 635 nəfər şagird 2024-2025-ci tədris ilində təhsil alacaqdır.
 
Tural NƏSİROV,
Şirvan-Salyan üzrə regional təmsilçi