Noyabrın 21-də Bakı şəhəri A.Muradov adına 84 nömrəli  tam orta məktəbdə  Təhsildə inkişaf  və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi olmuş “Ümumpedaqoji  məsələlər  mövzusunda öyrədici  animasiya filmlərinin hazırlanması”  layihəsinin  təqdimatı olub.  Təhsil müəssisəsinin direktoru  Şəfəq İbişova rəhbəri olduğu  layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd olunub ki, belə bir layihənin hazırlanmasında məqsəd  qısa müddət ərzində daha effektiv üsullarla təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaqdır.

 

Ümumpedaqoji məsələlərə həsr edilmiş praktik yönümlü tövsiyələrin,  həmçinin müasir pedaqoji bestsellerlərin xülasəsinin Azərbaycan dilinə tərcümə edilərək animasiya  filmləri ssenarisinin, həmin tövsiyə və ümumpedaqoji ədəbiyyat xülasələri əsasında  4 dəqiqəlik 10 öyrədici animasiya filmlərinin hazırlanması,  bu animasiya filmlərinin ölkənin bütün müəllimlərinin istifadəsi üçün müvafiq qurumların saytlarında yerləşdirilməsi  və bütövlükdə pedaqoji ictimaiyyətə təqdim olunması layihədə öz əksini tapmışdır.  Bildirilib ki, hazırlanmış mətnlərin animasiya filmi şəklinə salınması “Zehin X” layihəsinin rəhbəri Fuad Əliyevə sifariş edilmişdir.  Layihənin icra müddəti 05.07.2018-05.03.2019-cu il tarixlərini əhatə edir. 4 ay müddətində layihə çərçivəsində müəyyən işlər görülüb. Belə ki, ekspert  tərəfindən ümumpedaqoji tövsiyələrin istiqamətinin müəyyənləşdirilməsi, xarici pedaqoji ədəbiyyatın seçimi ilə bağlı iş aparılıb, seçilmiş ədəbiyyatlardan müəyyən hissələr tərcümə olunub, mətnlər və ssenarilər hazırlanıb.

 

Məlumat üçün qeyd edilib ki,  Ceyn Nelsen, Lin Lot və Stefen Qlenin “Sinifdə yüksək intizam” (2000) kitabı əsasında “İntizamlı sinif necə qurulur?”, Deyv Bilin “Beyin gücü”, A.Faber və H.Mazlışın “Uşaqlarla necə danışaq ki, onlar bizə qulaq assınlar və onlara necə qulaq asaq ki, bizimlə danışsınlar”  kitabı əsasında “Faber və Mazlış valideynlərə nə öyrədir?”  mövzusunda  3 animasiya filmi artıq hazırdır.  Fransuaza Doltonun “Uşağın tərəfində” kitabı əsasında eyniadlı animasiya üzərində isə iş gedir. Növbəti aylarda  eyni ardıcıllıqla digər  animasiyaların da hazırlanması nəzərdə  tutulub. 

 

Təqdimat  mərasimində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru  Vəfa Yaqublu, layihənin işçi heyətinin üzvləri- animasiya hazırlayan mütəxəssis Fuad Əliyev, ekspert  Səbinə Əhmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Keyfiyyətə nəzarət sektorunun məsləhətçisi Namiq Ağayev,  YAP Suraxanı Rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov çıxış edərək layihə  ilə bağlı fikirlərini bildiriblər.

 

Tədbirdə Bakı şəhəri 76, 87, 114, 232, 327,  90,  30, 251 nömrəli   və Qubadlı rayon Xanlıqlar kənd tam orta məktəblərinin  direktorları və  müəllimlər iştirak ediblər.

 

Samirə KƏRİMOVA