8-12 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən məktəblilərin 1-ci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən komandamız 2 gümüş medal qazanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
 
Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev olimpiadanın gümüş medalını əldə ediblər.
 
İlk dəfə təşkil olunan və 25 ölkədən 90 məktəblinin qoşulduğu bu olimpiadada yüksək nəticə göstərən şagirdlərimizi təbrik edir və onlara növbəti müsabiqələrdə daha böyük nailiyyətlər qazanmağı arzulayırıq.
 
Qeyd edək ki, 7 ildən çoxdur ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandaları müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi ümumi medal sayını 80-ə çatdırıb.