Əsas hədəf aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasıdır


“Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və   innovasiyanın gücləndirilməsi üçün Texniki Yardım Dəstəyi” layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski   bu gün Lənkəran Dövlət  Universitetində  (LDU) olublar.

 

Bu barədə universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə məlumat verilib.

 

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov  qonaqlara universitet haqqında ətraflı məlumat verərək bildirib ki, müasir maddi-texniki bazaya və kadr potensialına  malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.Professor son illərdə LDU-nun Avropa universitetləri ilə  əməkdaşlıq etdiyini qeyd edib. Bu əməkdaşlığın əsas hədəfləri yeni elmi uğurların əldə olunması,aparılan elmi  tədqiqatların səmərəliliyinin artırılmasıdır.

 

Tədbirdə iştirak edən LDU-nun prorektorları, kafedra müdirləri, ixtisaslı müəllimlər, gənc tədqiqatçılar avropalı ekspertləri universitetdə aparılan  elmi tədqiqatlar , ixtira və innovasiyalar, əldə olunan nəticələr  barədə məlumatlandırıblar.Görüşdə həmçinin son illərdə  yenilənən  elmi-təcrübi  bazanın , modern laboratoriyaların bu işə müsbət təsiri xüsusi vurğulanıb.

 

Layihə rəhbəri Gulda Krzysztof  qeyd edib ki, əsas məqsədləri ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərmək və yardımçı olmaqdır.

 

Təhsil və Layihələrin İdarə edilməsi üzrə ekspert,  doktor Jacek Gayevski dünya və Avropa təhsilində elmi tədqiqatlarlara marağın artdığını, təmsil etdiyi qurumun Azərbaycanda bu sahəyə diqqət yetirildiyini,  LDU ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. O, həmçinin perspektivli elmi layihələrin qurum tərəfindən dəstəklənəcəyini qeyd edib.

 

Diskussiya şəraitində  keçən görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri  geniş müzakirə edilib, təklif və rəylər dinlənilib.

 

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Azərbaycan Respublikası Təhsil İnstitutu və ölkəmizin ali məktəbləri tərəfindən dəstəklənir.

 

Nəzrin XƏLİLOVA