Lənkəran Dövlət Universitetində müasir Azərbaycan publisistikasının istedadlı nümayəndələrindən biri, 1997-2017-ci illərdə bu ali məktəbdə mətbuat və informasiya xidmətinin rəhbəri vəzifəsində işləmiş yazıçı-jurnalist Hacı Etibar Əhədovun anadan olmasının 70, ədəbi fəaliyyətinin 47 illiyi qeyd edilib.

 

Bu münasibətlə keçirilən tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Etibar Əhədovun səmərəli fəaliyyətindən danışan  N.İbrahimov ona yeni yaradıcılıq uğurları arzulayıb.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Mirhüseyn Abbas Etibar Əhədovun  həyat yolundan, yaradıcılıq fəaliyyətindən danışıb.

 

Bildirilib ki, Etibar Əliağa oğlu Əhədov 1948-ci il noyabrın 22-də Lənkəran rayonunun Vilvan kəndində dünyaya göz açıb, kənddəki səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini 1964-1966-cı illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbdə davam etdirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, 1985-ci ildə Moskvada Mətbuat İşçiləri Ümumittifaq İxtisasartırma İnstitutunun jurnalistika sənətkarlığı şöbəsini bitirib. 1971-ci ildən həyatını mətbuatla bağlayıb, Lənkəran yerli radio verilişləri redaksiyasının redaktoru (1971-1977), "Leninçi" (indiki "Lənkəran") qəzetinin məsul katibi (1978-1990), redaktor müavini (1990-1992) və redaktoru (1992-1994), "Lənkəranın səsi" qəzetinin baş redaktoru (1992-1995), "Günay"  qəzetinin cənub bölgəsi üzrə xüsusi müxbiri, Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri vəzifələrində çalışıb.

 

1995-ci ildən "Aşkarlıq" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. Yaradıcılığına məktəb illərindən başlayıb, ilk yazısı 1962-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.

 

Görüşdən məmnun qaldığını bildirən yazıçı-jurnalist Hacı Etibar Əhədov yaradıcılıq planlarından danışıb, universitetin uğurlarına sevindiyini və ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Tədbirin sonunda yubilyara xatirə hədiyyəsi və uzun illər səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim olunub.

 

Sonda xatirə şəkilləri çəkdirilib.