Sənədin icrası ilə bağlı işçi qrupu yaradılıb


Noyabrın 23-də Sumqqayıt Dövlət Universitetində müşavirə keçirilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən müşavirədə rektor, professor Elxan Hüseynov qeyd edib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Rektor vurğulayıb ki, qəbul olunmuş Dövlət Proqramı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bu Proqram ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələri ilə yanaşı Sumqayıt Dövlət Universitetində də uğurla nəticələnəcək və beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına, doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə,   məzunların işlə təminatına nail olunacaq. Həmçinin  ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq.

 

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov Dövlət Proqramının hədəflərindən bəhs edərək bildirib ki, iki istiqamət üzrə proqram planı hazırlanıb. Sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub. Prorektor Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını qeyd edib. Bildirib ki, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiriləcək və tədris proqramları yenilənəcək.

 

Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev Dövlət Proqramında ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və təcrübə laboratoriyalarının yaradılması və genişləndirilməsi ilə əlaqədar tədbirlər planı haqqında məlumat verib. Qeyd edib ki,  İKT sahəsində beynəlxalq sertifikatların əldə edilməsi, ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və təcrübə laboratoriyalarının yaradılması, İKT ixtisasları üzrə təhsil alan tələbələrin sahə üzrə aparıcı şirkətlərdə və müəssisələrdə təcrübə keçməsi imkanlarının genişləndirilməsi məsələləri qarşıya qoyulub.

 

Sonra Dövlət Proqramının  icrası istiqamətində görüləcək işlər universitetin professor-müəllim heyəti tərəfindən  müzakirə olunub, təkliflər irəli sürülüb.

 

İclasda Dövlət Proqramının icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb.