Muxtar respublika Ali Məhkəməsinin əməkdaşları tələbələr qarşısında çıxış ediblər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşlarının iştirakı ilə “Hüquq günləri” təşkil olunub.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  müvafiq sərəncamına əsasən tələbələrin ixtisaslarına uyğun olaraq müxtəlif orqanlara təcrübə  keçmək üçün göndərildiklərini diqqətə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparat rəhbəri Əjdər Əliyev 5 gün davam edən layihənin əhəmiyyəti, məqsədi və vəzifələri barəsində məlumat verib. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi tələbələrə nəzəri cəhətdən öyrəndikləri bilikləri təcrübi  olaraq tətbiq etmələri baxımından çox şey qazandırır.

 

Ali Məhkəmənin hakimi Vüqar Quliyev “Avropa İnsan Hüquqları Konvensiyası prizmasında şəxsi və ailə həyatına hörmət hüququ” mövzusunda çıxış edərək hər kəsin öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malik olduğunu bildirib. Qeyd edilib ki, demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

 

Layihənin növbəti günündə universitetin “Hüquq fənləri” kafedrasının müəllimi Əli Qədimov “Yaşamaq hüququ Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsinin işığında” mövzusunda  danışıb. Layihənin üçüncü günündə “Evtanaziya – ölüm hüququ, yoxsa cinayət?” mövzusunda hüquqi debat təşkil olunub. Hüquq fakültəsindən iki komandanın iştirak etdiyi debatda əsaslı dəlil və sübutlarla hər iki tərəfin mövzu ilə bağlı maraqlı fikirləri səsləndirilib. Debatda bildirilib ki, evtanaziya müalicəyə tabe olmayan ağır xəstəliyə düçar olmuş birinin özünün, yaxud yaxınlarının istəyi ilə həyatına son qoyulması deməkdir. Vurğulanıb ki,  bu ifadəni ilk dəfə ingilis alimi Frensis Bekon XVI yüzildə gündəmə gətirib. Ali Məhkəmənin əməkdaşları hakim qismində tələbələrin müzakirələrini qiymətləndiriblər.

 

Ali Məhkəmənin əməkdaşı Surə Qurbanova “Uşağın valideynləri və digər qohumları ilə ünsiyyət hüququ”ndan bəhs edib. Diqqətə çatdırılıb ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqdan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər.

 

Sonrakı iki gün ərzində tələbələr Ali Məhkəmədə məhkəmə prosesini izləyib, səhnələşdirilmiş məhkəmə prosesində iştirak ediblər. Sonda tələbələrə sertifikatlar təqdim edilib.