Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

 

Belə ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə, disput, seminar, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil olunub.

 

Tədbirlərdə məktəbin pedaqoji kollektivi, polis əməkdaşları, şagirdlər, valideynlər və tələbələr iştirak ediblər.

 

Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd məktəblilərin  təhlükəsizliyi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

 

Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

 

Tədbirlərdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb.