Şagirdlərə elmi-tədqiqat işlərində əməkdaşlıq təklif olunub


AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Bakının Suraxanı rayonundakı Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli tam orta məktəbdə olub.

 

Məqsəd şagirdlərdə coğrafiya elminə marağın və elmi dünyagörüşünün artırılması, onların yaradıcılıq və elmi tədqiqat işlərinə həvəsləndirilməsi, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsidir.

 

Alimlər  məktəbdə coğrafiya fənninin tədrisi, şagirdlərin bilik səviyyəsi və fənnə olan marağı,  coğrafiya ilə əlaqədar keçirilən tədbirlərlə maraqlanıb, “Kiçik akademiya”nın coğrafiya kafedrası şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində keçirilən “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbirdə iştirak ediblər. Şagirdlər Azərbaycanın coğrafiyası haqqında hazırladıqları kompozisiyanı nümayiş etdirib, Azərbaycanın qədim şəhərlərinə, eləcə də yaşadıqları Bülbülə qəsəbəsinə həsr etdikləri  təqdimatla çıxış ediblər.

 

İnstitutun əməkdaşları  şagirdlərə coğrafiya elminin əhəmiyyəti, inkişafı, institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və s.haqqında söhbət açıb, onlara tövsiyələr veriblər. Alimlər həmçinin “Kiçik adkademiya”nın şagird və müəllimlərini Coğrafiya İnstitutuna dəvət edərək onlara  tədqiqat işlərində birgə əməkdaşlıq təklif ediblər.