Qurultay iştirakçılarının təəssüratları


Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

 

Millət vəkilləri,  tanınmış müəllimlərin, eləcə də gənc müəllimlərin qurultayla bağlı fikirlərini  təqdim edirik:

 

Bəxtiyar Əliyev (millət vəkili): - Azərbaycan Müəllimlərinin XV qurultayı yüksək səviyyədə keçdi. Qeyd etdiyimiz nailiyyətlər böyükdür. Təhsil naziri Ceyhun Bayramov məruzəsində Azərbaycan təhsilinin əldə etdiyi uğurlardan geniş danışdı, bu, sevindiricidir. Birincisi, məktəbəqədər hazırlıqla bağlı qısa  müddətdə 75 faiz uşağın təhsilə cəlb edilməsi...

 

 

Bu, gələcəkdə uşaqların  təhsilinə böyük dəstək, inqilabi  addımdır.

 

İkincisi, qısa müddət ərzində orta məktəbi bitirən şagirdlərin mükəmməl göstəricisinin 80 faiz artması təhsildə aparılan uğurlu islahatların nəticəsidir. Bununla da dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu insan kapitalının formalaşdırılması dövlət siyasətinin həyata keçirilməsinə bariz nümunədir.

 

 

Qüdrət  Həsənquliyev,  (millət  vəkili):   - Əlbəttə, bu istiqamətdə çox böyük işlər görülür, müəllimlərin əməkhaqqı artırılır. Düşünürəm ki, islahatlar dərinləşdirilməlidir. Görülən işlər, hesab edirəm, öz nəticəsini göstərəcək. Yeni təhsil nazirinin fəaliyyətini işlək qiymətləndirir, hökumətin siyasətini də dəstəkləyirəm.  Amma hökuməti islahatları dərinləşdirməyə çağırıram, düşünürəm ki, buna mütləq gedilməlidir. Çünki təhsili inkişaf etdirmədən cəmiyyətimizdəki problemləri həll edə bilməyəcəyik.

 

 

 

Zahid Oruc (millət vəkili): - 28 noyabr  təqvimin ən uğurlu günləri kimi müəllimlərin həyatında böyük rol oynayacaq. Ötən illər ərzində təhsil sahəsində keçilən yola sərf-nəzər edilməsi təhsil naziri hörmətli Ceyhun Bayramovun nitqində son dərəcə əhatəli təhlil olundu. Açıq desəm, bir qurultay iştirakçısı kimi zövq aldım. Çünki obyektiv nitqlər idi, realist idi,  özünün əhatəlilik dərəcəsi baxımından, həm də müqayisəli təhlillər nöqteyi-nəzərindən yerinə düşürdü və gələcəyimizin qurulmasında, təhsilin üzərinə düşən vəzifələr bir millət formalaşdırmaqda, bir millət yaratmaq sənətində təhsilin strateji önəmi bu salonda özünü tapmış oldu. Seçilən xətt doğrudur, elə hesab edirəm ki, bugünkü gündən irəli gələn və buradakı qəbul olunmuş qərarların gələcək dövrdə yerinə yetirilməsi elə səhifələr açacaq ki, biz dönə-dönə bugünkü günə qayıtmış olacağıq.

 

 

Fazil Mustafa  (millət vəkili): - Əvvəla, bu hadisəni yüksək qiymətləndirirəm. Çünki müəllimlərin XV qurultayı və Azərbaycanın müəllim kontingentinin bu zala toplaşması təhsil problemini bilavasitə onun aparıcı qüvvəsi ilə birlikdə müzakirə etmək olduqca vacib həyati əhəmiyyət daşıyır. Çünki təhsil sahəsində bütün subyektlərin təhsil həyatında marağı var və hamı bunun bilavasitə iştirakçısıdır, hamı əlini daşın altına qoymağa məhkumdur. Ona görə də bu gün bu qurultayda təhsil nazirinin çıxışını həm tənqidi, həm də görülən işlərin hesabatı baxımından çox yüksək qiymətləndirirəm. Cənab nazirin bu sahədə, xüsusi ilə də son illərdə görülən işlərin müəyyən statistikasını diqqət mərkəzinə gətirməsi bizə bir şeyi aydınlatdı ki, həqiqətən də son illərdə Azərbaycan təhsili yeniliyi anlayan və tətbiq etməyə hazır olan qüvvələrin liderliyində bu işi görəcək. Bir-birindən çox dəyərli çıxışlar oldu, problemlər haqqında düşünməyə əsas verən, çox səviyyəli bir qurultay oldu. Burada 2-3 faiz müəllim iştirak edir, gələcəkdə hesab edirəm ki, online şəkildə bu qurultaya qoşulub, sual vermək imkanının yaradılması təhsilimiz üçün faydalı olar.

 

 

Nəzrin Məmmədova (müəllim): - Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq bu şərəfli ada yiyələnmişəm. Bugünkü qurultay mənim sevdiyim peşəmin daha da məsuliyyətli olduğunu mənə göstərmiş oldu. Burada 50 ildən çox pedaqoji fəaliyyəti olan müəllimlərlə bir zalda əyləşmək məni çox şad etdi. Gənc müəllim olaraq dövlətimiz, millətimiz qarşısında olan vəzifəmizin öhdəsindən uğurla gələcəyimizə əminik və buna görə hər zaman çalışmağa hazırıq.

 

 

 

 

 

Zərqələm Hacıyeva (müəllim): - 52 il ibtidai sinif müəllimi işləmişəm. Yüzlərlə şagirdim olub. İbtidai təhsil təhsilin bünövrəsidir, ona görə bu peşəni seçənlər daha məsuliyyətli olmalıdır.8 ildir təqaüdə çıxmışam.  Mənim bu yorğun vaxtımda dövlətimiz məni Əməkdar müəllim fəxri adı ilə mükafatlandırdı. Qurultayı böyük zövqlə izlədim. Bizim yerimizi artıq gənclər tutur və onlar bu qurultaydan yaxşı nəticələr çıxaracaqlar”.

 

 

 

Söylü Xəlilova (müəllim): - 35 ildir Qazax rayonunda müəllim kimi çalışıram. Çox sevincliyəm. Burada həmkarlarla birlikdəyəm. Son dövrlərdə təhsilin inkişafına olan diqqət müəllim nüfuzunun yüksəlməsinə də dəstək olur. Bizim sıralarımıza gənc müəllimlər daxil olur. Bütün bunlar bizi sevindirməyə bilməz. Qurultay bizim üçün təhsilimizdə olan yenilikləri, görülən işləri, problemləri, onların həlli yollarını bir daha dərindən görmək imkanı yaratdı.

 

Nicat Cəfərov (gənc müəllim): Neftçala rayonunda çalışıram. Gənc müəllim olaraq XV qurultayda iştirak edirəm. Təcrübəli müəllimlərlə birlikdə qurultaya qatılmışıq, mənim üçün olduqca bir qürurverici gündür. Gənc müəllim olaraq mən də Azərbaycan təhsili üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, qurultayda müzakirə olunan mövzular təhsilimizin inkişafına öz töhfəsini verəcək.

 

Jalə MƏMMƏDLİ

Bölmənin digər xəbərləri