Vəsilə Salmanova: “Müəllim həm öyrədir, həm də özü öyrənir”


Vəsilə Salmanova 1989-cu ildə Naftalan şəhərində anadan olub. 2011-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini  bitirib. 2013-2015-ci illərdə Gəncə Dövlət Universitetində Dilşünaslıq ixtisası üzrə magistr təhsilinə yiyələnib. O, Təhsil Nazirliyi tərəfindən 2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə vakant yerlərə keçirilən imtahanlarda yüksək nəticə göstərərək, Samux rayon İstixana qəsəbə ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi  təyin olunub. Pedaqoji fəaliyyətilə maraqlanıb gənc müəllimin şəxsi təəssüratlarını öyrənmək üçün onunla çalışdığı məktəbdə  görüşdük.

 

- Vəsilə  xanım, öncə bilmək istəyirik ki, sizdə müəllim olmaq istəyi necə yarandı?

- Maraqlı  sualdır. Əvvəla müəllim öyrədəndir. Həm öyrədir, həm də özü öyrənir. Öyrətmək eşqi məni bu peşəni seçməyə sövq etdi.

 

- Bəs necə oldu ki, yaşadığınız şəhərdən uzaq bir rayonda işləməyi seçdiniz?

- Məsafə uzaqlığı məndəki müəllim olmaq istəyimə təsir edə bilməzdi. Daha uzaq bir rayon  olsaydı belə, fikrim qəti idi.

 

- Şagirdlərinizlə ilk görüş yaddaşınızda necə qalıb?

- Doğrusu, məktəbdə olan təlim-tərbiyə, ab-hava  mənim çox xoşuma gəldi. Şagirdlərimlə aramızda  ilk  gündən isti münasibət yarandı.  Bilirəm ki, müəllim olmaq o qədər də asan iş deyil. Şagirdlərin dərsə olan marağını artırmaq, onlarda elm öyrənməyə, məktəbə sevgi yaratmağa çalışmaq lazımdır.

 

Bu gün bunun öhdəsindən layiqincə gələcəyimə tam əminəm.

Ailəm və yaxınlarım da ilk gündən mənim müəllim kimi formalaşmağıma, işimə daha da həvəslə yanaşmağıma dəstək oldular.

 

- Bəs məktəbin pedaqoji kollektivi və valideynlərlə tanışlığınız necə alındı?

- Bunu sözlə ifadə eləmək çətindir. Məktəb direktorunun ciddi, məsuliyyətli olması, müəllim və şagird kollektivinin səmimiliyi gəldiyim gündən  məni işimdə daha məsuliyyətli və həvəsli olmağa sövq etdi.  Dərs dediyim şagirdlərin valideynləri ilk  gündən  məktəbə gəlib mənimlə tanış oldular və yeni müəllim  olduğumdan  qayğılarımla  maraqlandılar.

 

Mənim üçün yeni nəslin sağlam, kamil, elmli yetişməsi önəmlidir, aldığım maaş yeni  işə  başlamış bir müəllim kimi məni qane edir. Amma mən bu sənəti seçərkən alacağım maaşı yox, yetişdirəcəyim yeni nəslin gələcəyini düşünmüşəm.

 

- Bu gün müəllim olmaq istəyənlərə nə  tövsiyə edərdiniz?

- Birincisi, ixtisasına sevgi ilə yanaşmaq, ikinci, məsuliyyətli olmaq vacibdir. Sonra müəllim  daim axtarışda olmalı, yeni biliklər əldə etməli və biliklərini daha da möhkəmləndirməlidir.

 

Nurəddin BABAYEV,

Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi