Azərbaycanın regionlarından 100 gənc Naxçıvana səfər edib


Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan regionlarında fəal gənclərin və gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfərlik nümayəndə heyətinin  Naxçıvan Muxtar Respublikasına eskursiyası təşkil olunub.

 

Səfər çərçivəsində qonaqlar “Naxçıvan” Universiteti ilə yaxından tanış  olub, ali təhsil ocağında “Naxçıvan şəhəri Gənclər Paytaxtıdır” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı  direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin dünyanın istənilən ölkəsində gənclər  sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri hesab olunur. Gənclər cəmiyyətin ən dinamik  zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Azərbaycan gənclərinin günümüzün müasir inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi  formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib  ki, muxtar respublikada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Onlar müxtəlif sahələrdə uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Məhz bu amillər nəzərə alınaraq Naxçıvan şəhəri 2018-ci il üçün Gənclər Paytaxtı seçilib. Nazir onu da diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı, Əcəmi Seyrangahında və Naxçıvan şəhərindəki mərkəzi meydanda konsert proqramları, Ağbulaq  İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin və idman federasiyalarının idmançılarının iştirakı ilə gənclərin qış və yay məktəbləri təşkil olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov  çıxışında bu gün cəmiyyətimizin intellektual hissəsini təşkil edən gənclərin ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunduqlarını ifadə edib. Qeyd edib ki,  bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

 

Sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn İmanovun və “Asan” könüllülər” İctimai Birliyinin sədri Səbinə Cabbarovanın çıxışları dinlənilib.

 

Sonda tədbir iştirakçıları Naxçıvan Televizyası tərəfindən hazırlanan “Naxçıvan şəhəri Gənclər Paytaxtı” filminə baxıblar.