Tədbirdə mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolundan söz açılıb


Dekabrın 4-də Sumqayıt Dövlət Universitetində keçirilən “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Beynəlxalq elmi konfransda respublikamızda fəaliyyət göstərən alimlər və mütəxəssislərlə yanaşı, xarici ölkələrin: Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının bir sıra nüfuzlu ali məktəblərinin alimləri də iştirak ediblər.

 

Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamlayıb və konfransın əhəmiyyətindən bəhs edib. Bildirib ki, milli mədəniyyətlərin inkişaf perspektivlərinin, ümumdünya mədəni proseslərin,mədəniyyətlər arasındakı münasibət və əlaqələrin öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edən məsələ olub. Lakin xalqlar, dövlətlər, ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə genişlənməsi, qloballaşma və inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə səciyyələnən müasir dövrümüzdə bu məsələlər daha da aktuallaşıb. Dövrümüzün çağırışları və beynəlxalq münasibətlərdə baş verən köklü dəyişikliklər milli mədəniyyətlər qarşısında bir sıra yeni həllivacib məsələlər qoyur. Milli mədəniyyətlərin, milli mənəvi dəyərlərin gələcək taleyi indi bütün bəşəriyyəti düşündürən problemlərdən birinə çevrilib. Dünya qloballaşdıqca ayrı-ayrı xalqların ədəbi-bədii irsində qarşılıqlı təsirlər, ortaq ideyalar meydana çıxır. Bu baxımdan millətlərarası dialoqun formalaşmasında, xalqlar arasında əmin-amanlıq və sülhün inkişafında bədii ədəbiyyatın da öz payı vardır. Müstəqillik dövründə yalnız siyasi, iqtisadi, ideoloji sahələrdə deyil, ədəbi-bədii, mədəni-mənəvi sahələrdə də azərbaycançılıq ideyası öz təcəssümünü tapıb.

 

Ümummilli lider Heydər Əliyev milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının huquqlarının qorunmasının təminatçısı idi. Rektor onu da qeyd edib ki, xalqımızın milli inkişafında, özünü tanıtmasında ədəbi fikrin və milli folklorun böyük təsiri olub. Bu baxımdan, xalqın həyata və dünyaya baxışı, milli xarakteri bədii əsərlərdə və şifahi ədəbiyyatda öz əksini tapıb. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı ziddiyyətli, eyni zamanda, şərəfli yol keçərək, əlaqələrin saxlanılmasında başlıca rol oynayıb. Ümid edirəm ki, keçirdiyimiz bu konfrans əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcək.

 

Rektor konfransa 330-dan çox tezis daxil olunduğunu, onlardan 284-nün qəbul edildiyini, tezislərdən 224-nün respublikanın müxtəlif təhsil və elmi-tədqiqat müəssisələrindən, 60-nın isə xarici ölkələrdən ( o cümlədən, Rusiya Federsiyasından (həmçinin, Dağıstandan, Karaçay-Çərkəzdən, Başqırdıstandan), Türkiyədən, Belarusdan, Türkmənistandan, Özbəkistandan, Ukraynadan, Gürcüstandan, İrandan qəbul olunduğunu diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda professorlar İfrat Əliyeva, Cəlil Nağıyev çıxış edərək müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan  bəhs ediblər. Bildiriblər ki, keçirilən bu konfrans gələcək nəsillərin Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə olacaq.

 

Sonra Beynəlxalq elmi konfrans çərçivəsində Ankara Hacettepe Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Şakir CƏFƏROV