Vakant yerlərin böyük hissəsi regionların payına düşür


Məktəblərdə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı artırılıb. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, sabahdan dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir: “Bu mərhələdə 800-ə yaxın namizədin iştirakı gözlənilir. Vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür. Ölkə üzrə vakant yerlərin çoxu cənub zonasını əhatə edir”.

 

O xatırladıb ki, müsabiqənin ilkin mərhələsində vakant yerlərin sayı 700 idi: “Keçən bir ay ərzində əlavə vakant yerlər də yaranıb. Odur ki, müsahibə mərhələsində namizədlərə təklif edilən vakant yerlərin sayı təxminən 750-yə qədər artırılıb”.

 

E.Bağırov qeyd edib ki, vakant yerlərin yaranma səbəbləri müxtəlifdir: “Həm yaş həddi tamam olan, həm də müəyyən nöqsanlara görə işdən çıxarılanlar var. Bundan başqa, 150 nəfərə yaxın direktorla yaş həddi tamam olduğuna görə, müqavilənin müddəti uzadılıb. Bildiyiniz kimi, qanunla yaş həddi tamam olan direktorlarla 5 dəfə müqavilənin müddəti 5 dəfə artırıla bilər”.

 

E.Bağırovun sözlərinə görə, öz ərizəsi ilə işdən çıxarılanlar da var: “Nöqsanlara görə işdən çıxarılan direktorların sayı kütləvi deyil. Öz ərizəsi ilə işdən çıxan direktorların da yeri vakant olan yerlər sırasındadır”.

 

Nazirlik rəsmisi əlavə edib ki, müsabiqə mərhələsində paytaxt məktəbləri üçün tələb olunan 60 faizlik keçid balını toplayan namizədlərin sayı 19 nəfərdir: “Bakı şəhəri üzrə 13 vakant yerin olduğunu nəzərə alsaq, hesab edirik ki, bu say kifayət edəcək. Direktor olmaq istəyən namizədlər arasında əsasən gənc kadrlar üstünlük təşkil edir. Eyni zamanda, orta yaşlı şəxslər də namizədlər arasında yer alıb. Yaşı çox olan namizədlər isə  sayca azlıq təşkil edir”.

 

O qeyd edib ki, müsahibə mərhələsi yanvarın 17-nə qədər davam edəcək:  “Müsahibə mərhələsini uğurla keçən şəxslər fevral ayından işlərinin icrasına başlayacaqlar”.

 

Xatırladaq ki, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

 

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

Ruhiyyə Daşsalahlı