Tədbir Rusiya akademik şərqşünaslığının 200 illiyinə həsr olunub


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib. Nümayəndə heyətinin tərkibində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digər alimlər olublar.

 

Forumun təntənəli açılış mərasimində Rusiya Federasiyasının Prezidenti V.Putinin, Sankt-Peterburq şəhərinin qubernatoru A.Beqlovun, REA-nın prezidenti, akademik A.Sergeyevin və REA-nın Sankt-Peterburq Elmi Mərkəzinin prezidenti, akademik J.Alfyorovun  təbrik məktubları səsləndirilib. Mərasimdə akademik Akif Əlizadə geniş nitq söyləyib. REA Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik edən A.Əlizadə Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İ.Popovaya təqdim edib.

 

Forumun ikinci günü “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər”, “Keçmiş Rusiya imperiyası ərazisində İslam”, “Xristian Şərqinin öyrənilməsi: qırılmış ənənələrin bərpası”, “Türk-monqol dünyası əlyazma və sənədlərdə” və s. adlı “dəyirmi masa”lar təşkil olunub. “Dəyirmi masa”larda akademiklər Nərgiz Axundova, Teymur Kərimli, Gövhər Bəxşəliyeva, Şahin Mustafayev və digərləri iştirak ediblər.

 

Növbəti gün akademik Akif Əlizadə Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təşkil olunan tədbirdə “Müasir Azərbaycan elmi” adlı mühazirə ilə çıxış edib, Azərbaycan dövlətinin elm və təhsilin inkişafına ayırdığı diqqət və qayğıdan danışıb. Universitetin rektoru, professor Aleksandr Zapesotski ilə görüş zamanı gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. A.Zapesotski AMEA rəhbərinin mühazirəsinin “Universitetin seçilmiş əsərləri” silsiləsindən olan toplunun növbəti sayında yer alacağını bildirib.

 

Akademik Akif Əlizadə həmçinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda baş konsul Sultan Qasımovla işgüzar görüş keçirib.