Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 nömrəli tam orta məktəbdə təşkil olunan sonuncu görüşdə İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər müəllim-valideyn münasibətlərindən, həmçinin müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki mühüm rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən bəhs ediblər.

 

Daha sonra valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar. Görüşlər zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunub. Valideynləri təşəbbüskar və daha fəal olmağa səsləyən metodistlər müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

 

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

 

Görüşdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar da nümayiş olunub.

 

Qeyd edək ki, “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.