Tədbir qəhrəmanın 100 illik yubileyinə həsr olunub


Dekabrın 4-də   Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid partizan, leytenant Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Yubiley mərasimində universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

          

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, AzMİU-nun  “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri Salatın Əhmədli tədbiri açaraq ölkə başçısının “Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında”  23 iyun 2018-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizdə silsilə tədbirlərin keçirildiyini,  bugünki tədbirin də bu sıradan biri olduğunu söyləyib, onun tələbələr üçün  əhəmiyyətini vurğulayıb. S. Əhmədli  qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib. 

        

Sonra tədbir iştirakçıları Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı əməliyyatlardan bəhs edən filmə baxıblar.

       

Çıxış edənlərdən filologiya elmləri doktoru, professor Vüqar Əhməd, tədqiqatçı, hərbi jurnalist Şəmistan Nəzirli,  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov, Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbin direktoru Taliyyə Mirzəyeva qəhrəman partizanın xatirəsinə göstərilən  ehtirama görə universitet rəhbərliyinə  təşəkkürlərini bildirib. V.Əhməd qəhrəmanın ədəbi yaradıcılığından  söz açıb, M.Hüseynzadənin döyüş yolu ilə yanaşı, şair kimi yaradıcılığının ədəbiyyatşünaslar tərəfindən tədqiq edilməsinin vacibliyini qeyd edib. Hərbi jurnalist Ş.Nəzirli M.Hüseynzadə barədə olan  tarixi sənədlərin bərpasında, arxivlərdə yer alan gizli sənədlərin tapılaraq araşdırılma mövzusuna çevrilməsində  Heydər Əliyevinin misilsiz xidmətlərindən danışıb. Qəhrəman barədə döyüş yoldaşlarının xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.   

          

Tədbirin gedişində AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Bilal Diler, Kardelen Ağumun  və digər tələbələrin ifasında  M.Hüseynzadənin yaradıcılığında yer alan  “Tərlanım” , “A Dost”,  “Dəli Ceyran” şeirləri, eləcədə  Səməd Vurğun, Nəbi Xəzri kimi şairlərin qəhrəmana ithaf olunmuş şeirləri səsləndirilib. Tədbir VI muğam müsabiqəsinin Qran- Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında M.Hüseynzadənin sözlərinə yazılmış musiqilərin səsləndirilməsi ilə davam edib.