Mərkəzi Elmi Kitabxanada ümummilli liderin anım günü qeyd edilib


Dekabrın 5-də AMEA Qadınlar Şurasının təşkilatçılığı və Mərkəzi Elmi Kitabxananın (MEK)  dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.

           

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə  respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Natiq ulu öndərin respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlarımıza yüksək qiymət verdiyini bildirib. Bu gün ölkəmizdə elm və təhsil sahəsində çalışanların böyük əksəriyyətinin qadınlar olduğunu söyləyən akademik İ.Həbibbəyli Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb.

                       

AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə ümumilli lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə misilsiz işlər gördüyünü, hər zaman qadınlarla bağlı məsələlərə böyük diqqət yetirdiyini, qadın hərəkatına, eləcə də qadınların maariflənməsinə önəm verdiyini vurğulayıb. R.Mirzəzadə həmçinin şuranın ötən müddət ərzində həyta keçirdiyi tədbirlər və gələcək fəaliyyət planları barədə məlumat verib.

           

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. MEK rəhbəri Heydər Əliyevin kitabxana işinin təşkili sahəsində xidmətlərindən də söz açaraq “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində ümummilli liderlə bağlı yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. L.İmanova həmçinin “Heydər Əliyev - 95” mövzusunda sərginin təşkil edildiyini, MEK-in sosial şəbəkələrdə və www.mek.az saytında silsilə materialların yayımlandığını, eləcə də MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən çoxsaylı məqalələrin hazırlandığını tədbir iştirakçılarının nəzərə çatdırıb.

           

Daha sonra tədbir BDU-un kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Mirağa Cəfərquliyev, AMEA-ın müxbir üzvü Səlimə Mehdiyeva və başqalarının çıxışlarının dinlənilməsi ilə davam edib.