Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, onun vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən danışıb. Professor İradə Əliyeva son illər ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında ulu öndərin hakimiyyəti dövründəki fəaliyyətindən danışıb. Millət vəkili bildirib ki, həmin müdrik siyasət Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış dövlətin yaranmasına gətirib çıxarıb.

 

Tədbirdə “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və həmin fakültənin 2-ci kurs tələbəsi Əli Babazadə çıxış ediblər. Çıxışçılar müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoyan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun önəmindən, Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri sırasında mövqeyini daha da gücləndirmək istiqamətində həyata keçirdiyi layihələrdən danışıblar.

 

Tədbir ümummilli liderin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.