Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  DendrologiyaŞərqşünaslıqQafqazşünaslıq və Dilçilik institutlarında, Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilib. 

        

AMEA-dan verilən məlumata görə, anım tədbirləri ulu öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

        

Konfranslarda Heydər Əliyevin xalqımızın yaddaşında xilaskar dövlət xadimi kimi qaldığı, ölkəmizin ictimai-siyasi həyatında, həmçinin dövlət quruculuğunda misilsiz xidmətlər göstərdiyi qeyd olunub. Bildirilib ki, ulu öndər hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən ölkə iqtisadiyyatının inkişafı üçün mühüm addımlar atılıb, elmi, mədəni, ədəbi və digər sahələrdə bir çox uğurlar əldə olunub. Bundan əlavə, dahi şəxsiyyətin qədim ənənə və köklərə malik milli-mədəni sərvətlərimizin yaşadılmasında və dünyaya tanıdılmasında misilsiz işlər gördüyü vurğulanıb. Həmçinin ulu öndərin müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində xaosdan və parçalanmaq təhlükəsindən xilas olduğu, respublikanın əbədi müstəqilliyinin təmin edildiyi diqqətə çatdırılıb.

        

Çıxışlarda ümummilli liderin xalqı öz ətrafında sıx birləşdirdiyi və Azərbaycanı beynəlxalq arenada yüksək pillələrə qaldırdığı qeyd edilib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ölkəmizdə demokratiyanın inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, elmə və elm adamlarına, təhsilə  göstərdiyi qayğıdan, ana dilinin saflığının qorunması sahəsində həyata keçirdiyi islahatlardan bəhs olunub.

 

Samirə KƏRİMOVA