Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Əlişirin Şükürov, DİM-in aparıcı mütəxəssisi Sərxan Ağayev, yuxarı kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Universitetin  prorektoru, professor İsa Xəlilov tədbiri açaraq, Bilik Fondu ilə birgə həyata keçirilən layihələrdən və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb. AzTU çoxsaylı məzun ordusunun maşınqayırma, metallurgiya, informatika və kompüter texnoligiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə bu gün uğurla çalışdığını vurğulayan prorektor, gənclərin dövlət qulluğuna marağının olduğunu xüsusilə qeyd edib.

 

Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuracaq gənclərin iş həyatına başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları gələcəkdə iş tapmalarlına və uğurlu karyera qurmalarına yardım edəcək. Sektor müdiri gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün aztəminatlı ailələrdən olan yuxarı kurs tələbələri üçün ödənişsiz hazırlıq kurslarının açılacağını bildirib.

 

DİM-in sektor müdiri Əlişirin Şükürov dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Mərkəzin rəsmisi deyib ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

 

Natiq tələbələrə dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat verib.  

 

Tələbələri maraqlandıran suallar cavablandırılıb.