Və yaxud istedadlı uşaqlarla məşğul olmağın məsuliyyəti


Bu həftə ölkə məktəblilərinin uğur dolu sorağı gəldi: biri Gürcüstandan, digəri uzaq Afrikadan, Botsvanadan. Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib və məktəblilərimiz cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər. 19 komandanın qatıldığı müsabiqədə cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb.

 

Botsvanada isə yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dekabrın 10-da təşkil olunan yarışda Azərbaycanı  6 şagirdimiz təmsil edib və dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar.

 

Ölkə məktəblilərinin ayın ilk ongünlüyündə iki mötəbər yarışdan uğurla qayıtmasına aparan yol hardan başlanıb? Əlbəttə ki, şagirdlərimizi  beynəlxalq yarışlara hazırlayan olimpiadalara hazırlıq mərkəzlərindən. Təhsil nazirinin əmrinə əsasən, artıq 4 ildir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, Kimya-biologiya təmayüllü respublika liseyində, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü liseydə hazırlıq mərkəzləri fəaliyyət göstərir.

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseydəyik. İlk baxışdan sakitlik olsa da, bütün otaqlarda şagirdlər var. Belə məlum olur ki, sadəcə gündəlik məşğələlər deyil, bu gün həm də sınaq imtahanları keçirilir...

 

Beynəlxalq olimpiadalara seçim

 

Mərkəzdə beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Şagirdlərin olimpiadalara hazırlıq prosesi onların seçimi, dərslərin keçirilməsi və beynəlxalq olimpiada seçmə imtahanının təşkili, müəllimlərin yetişdirilməsi, vəsaitlərin çap olunması da daxil olmaqla 4 mərhələdən ibarətdir.

 

İlk mərhələ - şagirdlərin seçimi ölkə əhəmiyyətli yarışlarda aparılır. Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika Fənn Olimpiadası, Məktəblilərarası respublika fənn müsabiqələrinin qalibləri beynəlxalq yarışlara hazırlıq mərkəzinə dəvət edilirlər.  Xatırladaq ki, fənn olimpiadalarında 30 min, fənn müsabiqələrində isə 15 mindən artıq şagird iştirak edir və 45 min nəfərlik bu kontingentin içərisindən beynəlxalq müsabiqələrin iştirakçısı olacaq 25 nəfər müəyyənləşdirilir.

 

Şagirdlərin seçilməsi aşağı və yuxarı yaş qrupları üzrə aparılır. Aşağı yaş qrupunda VI-VII sinif şagirdləri əhatə olunub. Riyaziyyat üzrə VI, fizika, kimya, biologiya və informatika fənlərindən isə VII siniflərdən şagirdlər seçilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri ilə çalışan şəxs, Azərbaycan Respublikası Təhsil İnstitutu İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi Qorxmaz Mustafayev səbəbi belə izah edir: “Şagirdlər fizika fənninin tədrisinə VI sinifdən başlayırlar. VI sinifdə bir çox mövzu keçilmədiyindən uşaqların fizika ilə bağlı biliklərini VII sinifdə müəyyənləşdirə  bilirik. Amma riyaziyyat aşağı siniflərdən keçildiyindən VI sinifdən bu fənn üzrə şagirdlərin biliyini ölçmək mümkün olur”.

 

Hazırlıq mərkəzlərinə aşağı və yuxarı yaş qrupu əsasında bölgü aparılsa da, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır: “Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Yaş sadəcə, seçim prosesi üçün önəmli sayılır”.

 

“Bizim vaxtımızda bu imkanları yaradan yox idi”

 

Həmin yaş qrupunda olimpiadalara hazırlıq mərkəzinə dəvət edilən şagirdlərdən birinin atası Yusif Babayev qızı Selcanın olimpiadalara hazırlıq mərkəzinə dəvət edilməsindən qürurla danışır. Sadəcə, orta məktəb təhsili ilə iki dəfə Respublika fənn olimpiadalarında uğur qazanan Selcan artıq beynəlxalq yarışlara hazırlaşdırılır. Hazırda VIII sinif şagirdi olan qızından bu dərs ilində daha böyük uğurlar gözləyən atası onu həftədə iki dəfə - hər çərşənbə və şənbə günləri - yaşadıqları Sahil qəsəbəsindən Bakıya - Fizika, riyaziyyat və informatika təmayüllü liseyə gətirir.

 

Selcan Sahil qəsəbəsindəki 253 nömrəli tam orta məktəbin şagirdidir. VI sinifdə oxuyanda Respublika fənn olimpiadasında III, VII sinifdə isə II yeri tutub. Yusif Babayev deyir ki, Selcanın təhsil aldığı məktəbdən çox razıdır: “Təkcə qızımın oxuduğu məktəb deyil, bütün məktəblərdə şagirdlərin daha yaxşı təhsil alması üçün şərait yaradılıb. Oğlum Atilla Babazadə Sahil qəsəbəsindəki 294 nömrəli məktəbdə təhsil alır. O da əlaçıdır. Onun da təhsil aldığı məktəbdə keyfiyyətli təhsil verilir. V sinif şagirdidir və artıq uğurları var. Qızım fizika üzrə fərqlənib, oğlum da riyaziyyat üzrə uğur qazanır. Mən də məktəbdə yaxşı riyaziyyatçı olmuşam. Amma bizim vaxtımızda bu imkanları yaradan yox idi. Qızım olimpiadada uğur qazandı, onu hazırlıq mərkəzinə çağırdılar. Pulsuz dünya olimpiadalarına hazırlayırlar. Bəlkə də belə imkan yaradılsaydı, mənim də vaxtında uğurlarım ola bilərdi. İndi uşaqlarım qiymətləndirildiyi kimi, məni qiymətləndirən olmadı”.

 

Sərməs Əhmədov isə nəvəsi Səid Qasımovu gözləyir. 6 nömrəli məktəbin 8-ci sinif şagirdi olan Səid ingilis dilində təhsil alır. Həm VII, həm də VIII siniflərdə kimya üzrə respublika fənn olimpiadalarına qatılıb və hər ikisində qalib olub.

 

“Burada fənləri daha dərindən öyrənirik”

 

Bakıdakı hazırlıq mərkəzlərinə rayonlardan da şagirdlər qəbul olunur. Artıq olimpiadalara hazırlıq mərkəzlərində Bakı və ətraf qəsəbələrlə yanaşı, ölkənin ayrı-ayrı rayonlarından da istedadlı uşaqlar cəlb edilib. Bakı və ətraf rayonların məktəblərindən seçilənlər hazırlıq mərkəzlərinə həftə ərzində bir neçə dəfə gəlir. Rayondan hazırlıq mərkəzlərinə gələnlərə liseylərin yataqxanasında qalmaq üçün şərait yaradılsa da, ancaq məktəbini dəyişmək istəməyənlər, Qubadan, Mingəçevirdən həftəsonu dərslərdə iştirak etmək üçün Bakıya gəlib-qayıdanlar da var. Onlardan biri, Respublika fənn olimpiadalarının gümüş medalçısı Gültac Seyidova 9-cu sinifdə oxuyur. Mingəçevir şəhər Texniki-humanitar liseyin şagirdidir. Ötən  ilin sentyabrından olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Atası tətillərdə və hər həftəsonu onu Mingəçevirdən Bakıya gətirir, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzinin məşğələlərində iştirakına şərait yaradır. Ata-bala hələlik bu çətinliyin öhdəsindən gəlirlər: “Keçən ilin sentyabrında dərs başlamadan 5 günlük kampda iştirak etdim. Çox maraqlı oldu və kampdan sonra məşğələlərə başladım”.

 

Gültacın təhsil aldığı lisey rayonda ən yaxşı göstəriciləri olan məktəbdir: “Bu il rayon üzrə ən çox medalı liseyimizin şagirdləri qazandı. Ən yüksək nəticə də bizim məktəbdən idi. Ancaq olimpiadalara hazırlıq mərkəzinin üstünlükləri daha çoxdur. Burada fənləri daha dərindən öyrənirik. Çoxlu çalışmalar işləyir, yeni dərslər keçirik”.

 

Universitet və özəl şirkətlərdən olimpiadaçılara dəstək

 

Amma istedadlı uşaqların çox olması onların hər birinin beynəlxalq yarışlara qatıla biləcəyi demək deyil. Qorxmaz Mustafayevin sözlərinə görə, beynəlxalq olimpiadalara gedəcək şagirdləri imtahanla məhz istedadlı uşaqların arasından seçirlər: “Beynəlxalq fənn olimpiadalarının seçmə mərhələsinə respublika fənn müsabiqələrinin və olimpiadalarının qalibləri və olimpiadalara hazırlıq mərkəzinin şagirdləri qatılırlar. İstənilən beynəlxalq olimpiadadan öncə 2 mərhələdə seçmə imtahanı keçirilir”.

 

Bəzi olimpiadalara, o cümlədən məktəblilərimizin bu günlərdə uğur qazandığı Botsvanada keçirilən yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası üçün laboratoriya hazırlığı tələb olunur. Laboratoriya hazırlığını təşkil etmək üçün isə Bakı Mühəndislik Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlıq edilir. Bu prosesə hətta özəl şirkətlər də cəlb olunub. Belə ki, qurulan əməkdaşlıq sayəsində “Azərcell” şirkəti Beynəlxalq İnformatika Olimpiadasının hazırlıq prosesinə dəstək verir.

 

Qorxmaz Mustafayev deyir ki, əsas məqsəd beynəlxalq olimpiadalarda Azərbaycan şagirdlərinin nailiyyətlərini yüksəltməkdir. Bu məqsədə nail olmaq üçün isə Təhsil Nazirliyi bütün imkanlarını səfərbər edib.

 

“Cəhdləri davam etdirəndə nəticə mütləq olur”

 

Bəs, hər biri beynəlxalq olimpiada iştirakçısı ola biləcək istedadlı uşaqlara kim dərs deyir?

 

Beynəlxalq olimpiadalara hazırlığın başladığı ilk gündən burada çalışan Əməkdar müəllim Şəmsi Səfərov Fizika, riyaziyyat,  informatika təmayüllü liseyin riyaziyyat müəllimidir. Olimpiadalara hazırlıq mərkəzində elə ilk gündən çalışır və hesab edir ki, son 2-3 il ərzində, konkret olaraq, riyaziyyat üzrə hazırlıq sahəsində kifayət qədər yüksək nəticələr var. Şəmsi müəllim deyir ki, olimpiada sinfi ilə məşğul olmaq vaxt tələb edən işdir. Burada müntəzəm işləmək lazımdır, yoxsa yüksək nəticə əldə etmək heç də asan olmur: “Bu nəticə üçün də bir yol tanıyıram: həvəslə, yorulmadan hazırlaşmaq. Həm müəllim, həm də şagirdlər belə etməlidir. Bir dəfə nəticə əldə etməyəndə ruhdan düşmək lazım deyil. Cəhdləri davam etdirəndə nəticə mütləq olur. Biz bunu neçə ildir öz təcrübəmizdə görürük. İstedadlı siniflə məşğul olmağın məsuliyyəti isə xüsusilə böyükdür”.

 

Şəmsi müəllimin sözlərinə görə, hazırlıq mərkəzlərinə rayon məktəblərindən istedadlı şagirdlərin də qatılması ümumi işin xeyrinədir və bu, öz nəticəsini mütləq verəcək: “Rayondan gələn xeyli uşaq var ki, çalışqan olduqlarından şəhər məktəblərinin şagirdlərini üstələyirlər. Ümumiyyətlə, uğur qazanmaq üçün çalışmaq çox önəmlidir. V sinfi bitirən 20 bacarıqlı uşağı seçib hazırlığını bizə tapşırsalar, biz onları VI sinfin sonunda respublika qalibi edə bilərik. Yəni, şagird qabiliyyətlidirsə və düzgün istiqamətləndirilirsə, nəticə əldə etmək üçün elə də çox zaman tələb olunmur. Hazırlıq mərkəzində elə uşaqlar var ki, onları görəndə adam daha çox öyrənmək və öyrətmək istəyir”.

 

Dərsin effektivliyi, müəllimin peşəkarlığı, şagirdin isə səviyyəsi...

 

Şagirdləri düzgün istiqamətləndirəcək müəllimlər isə hər yerdə var. Qorxmaz Mustafayevin sözlərinə görə, bölgələrdəki məktəblərin şagirdləri fərqləndiyi kimi, müəllimlərdən də artıq diqqəti cəlb edənlər var: “Məsələn, Neftçalanın Xilli kənd məktəbinin müəlliminin şagirdləri hər yarışda yer tutur. Neftçala, Gəncə, Xaçmaz rayonlarından olan 5-dən çox belə müəllim var ki, onlar qrant layihəsi çərçivəsində istedadlı uşaqları hazırlaşdırırlar”.

 

Qeyd edək ki, bu qəbildən olan ən yaxşıları müəyyənləşdirmək üçün daha bir addım atılıb. Dekabrın 15-də istedadlı şagird üçün istedadlı müəllim imtahanı keçiriləcək. Həmin imtahanda yüksək nəticə göstərəcək müəllimlərdən müsahibə əsasında seçilənlər olimpiada hazırlıqlarına cəlb ediləcəklər. Uşaq hazırlaşdırdığı üçün Bakıya gələ bilməyən müəllimlər elə yerlərdəcə fənn müsabiqələrində fərqlənən şagirdlərin hazırlığına cəlb olunacaq və ətraf rayonlarda fərqlənən istedadlı uşaqların hazırlığı da həmin müəllimlərə yönləndiriləcək. Nəzərdə tutulub ki, Bakıda və rayonlarda xüsusi siniflər yaradılsın və istedadlı uşaqların yetişdirilməsində belə müəllimlərin gücündən istifadə edilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb və 15-ə yaxın rayonda belə siniflərin təşkili reallaşıb.

 

Q.Mustafayevin sözlərinə görə, istedadlı uşaqlarla işləmək üçün kadr ehtiyacı sadəcə, orta ümumtəhsil məktəbləri hesabına ödənilmir. Ölkədəki universitetlərin professor və müəllim heyətindən də bu prosesə cəlb edilənlər var. Məsələn, BDU-nun professoru Naqif Nəbiyev fizika üzrə, İqrar Nəzərov kimya üzrə, AMEA Botanika İnstitutunda çalışan Rəşad Səlimov, Xəzər Universitetinin professoru Nazim Kərimov riyaziyyat fənnindən hazırlıq prosesində fəal iştirak edirlər.

 

Hazırlıq prosesinə keçmiş olimpiada qalibləri də cəlb ediliblər. Yerli və beynəlxalq olimpiadaların qalibi və iştirakçısı olan gənclərin enerjisindən, biliyindən bu istiqamətdə geniş istifadə olunur: “Keçmiş olimpiada qalibi, hazırda Kanadanın Alberto Universitetinin tələbəsi Cavid Əhmədov burada uşaqlara dərs keçir. Respublika fənn olimpiadası qalibi, dünya fənn olimpiadasının iştirakçısı Abdullah Bazarov şagirdlərin fizika üzrə hazırlıqlarına cəlb edilib. Bakı Ali Neft Məktəbində axırıncı kursda oxuyan İsmət Ağayev də hazırlıq prosesində uşaqların ən böyük dəstəkçisidir”.

 

“Medal almaq üçün hər cür şərait yaradılıb”

 

Cavid Əhmədov 4 il əvvəl orta təhsilini tamamlayıb. Onu uşaqlarla işdən ayırıb söhbətə tuturuq: “Təcrübəmi onlarla  bölüşürəm. Hər həftə şagirdlərlə dərslərimiz olur. Əsasən həftəsonu görüşürəm və kimyadan hazırlıq üzrə əlimdən gələn formada kömək edirəm. Xüsusən, laboratoriyalarda bir yerdə işləyirik. Ali təhsil müəssisələrinin laboratoriyalarında bunun üçün hər cür şərait yaradılıb. Olimpiadaya düşə biləcək sualların bənzərləri əsasında laboratoriyada uşaqlarla birlikdə tapşırıqlar həll edirik”.

 

C.Əhmədov deyir ki, uşaqlar indi çox şanslıdırlar: “Mən 2012-ci ildə qalib olmuşam. Bizim vaxtımızda bu qədər böyük şərait yox idi. Nəinki laboratoriya, bizə kömək edəcək bir adam belə tapmırdıq. Ancaq indi onları xüsusi olaraq olimpiadalara hazırlaşdırır, laboratoriyalarda işləmələri üçün şərait yaradılır, hətta kömək etmələri üçün olimpiada təcrübəsi olanlarla mütəmadi görüşdürürlər. Yəni, məktəblilərin beynəlxalq yarışlardan  medal almaları üçün hər cür şərait yaradılıb”. 

 

Ancaq aşağı yaş qrupunda səfərbər edilən daxili imkanlar yuxarı yaş qrupunda kifayət etmir. Həmin şagirdlərin hazırlığında daha yüksək nəticələrə nail olmaq üçün mütəmadi olaraq ayrı-ayrı ölkələrdə çalışan tanınmış, olimpiadalara hazırlıq sahəsində təcrübəsi olan müəllimlər dəvət edilir. İndiyədək İrandan, Rusiyadan, Türkiyədən dəvət olunanlar olub. Qorxmaz Mustafayevin sözlərinə görə, uşaqlara riyaziyyatdan hazırlıq keçmək üçün seçilən müəllim beynəlxalq riyaziyyat olimpiadasında sual müəlliflərindəndir: “Riyaziyyat olimpiadasının təşkilat komitəsinin üzvü olan, müsabiqəyə sual göndərən, yaxud tutaq ki, Rusiyada müəyyən fənn üzrə olimpiadanı təşkil edən informatika müəllimini dəvət edirik. Dəvət etdiyimiz müəllim gələ bilməyəndə, ya da laboratoriya hazırlığı məqsədi ilə uşaqlarımızı da xaricə göndəririk”.

 

Uzun sözün qısası, ölkə məktəblilərinin beynəlxalq yarışlarda uğur qazanması üçün şagirdlər də, müəllimlər də xüsusi seçilir. Ancaq bu seçimin doğru olub-olmadığı mütəmadi olaraq yoxlanılır. Başqa sözlə, olimpiada mərkəzlərində təhsilin keyfiyyəti, şagirdlərin proqramı mənimsəmə faizi mütəmadi ölçülür. Məsələn, dərslərin effektivliyini yoxlamaq, müəllimlərin hazırlıq mərkəzinin şagirdlərini nə dərəcədə qane etdiyini araşdırmaq üçün mütəmadi sorğular keçirilir. Hər semestrin sonunda aparılan sorğuda müəllimlər qiymətləndirilir. Şagirdlər “Müəllimlər dərsə hazırlıqlı gəlirmi?”, “Şagirdləri öyrənməyə təşviq edirmi?”, “Verilən materiallar keçilən mövzuya, yaxud olimpiada materialına uyğundurmu?”,  kimi suallara cavab verirlər. Bunun əsasında da müəllimlərin öyrətmə prosesində nə qədər uğurlu olduğu müəyyənləşdirilir.

 

“Hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq”

 

Dərsin də, müəllimin də keyfiyyəti həm də sınaq imtahanlarında ortaya çıxır. Mərkəzlərdə hər ay sınaq imtahanları keçirilir. Uşaqların səviyyəsini müəyyənləşdirməyə xidmət edən imtahanlarda 4 fənn üzrə yaxşı nəticə göstərənlər məşğələlərə davam edir.

 

 

Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Ayan Nəbiyeva da  imtahan verir. Bu imtahanın nəticələrindən asılı olaraq olimpiadalara hazırlıq mərkəzində təhsilinə davam edib-etməyəcəyi bəlli olacaq. Ayanın anası Elnarə İsmayılova qızının burada məşğələlərə davam etməsini çox istəyir: “Ötən il qızım burada hazırlaşdı. Ümumiyyətlə, olimpiadalara hazırlıq mərkəzlərində uşaqlarla işin keyfiyyəti məni qane edir. Ancaq Ayan builki imtahanlarda keçə bilmədi. İndi yenidən imtahan verir. Nəticələri yüksək olsa, burada yenidən təhsilini davam etdirmək şansı qazanacaq”. 

 

 

 

Gülnar Süleymanova da oğlu Sabir Süleymanlının imtahandan çıxmağını gözləyir. Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən oğlu artıq iki ildir ki, olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Vüsalə Mirzəyevanın isə VIII sinifdə oxuyan qızı Tünzalə iki ildir burada riyaziyyat üzrə hazırlıq keçir. Ancaq onların hər birinin bundan sonra yolunu harada davam edəcəyi imtahandan çıxandan sonra bəlli olacaq.

 

 

 

Təhsil İnstitutunun mütəxəssisi Qorxmaz Mustafayevin fikrincə, cəmi 2 faiz xüsusi istedadlı olur. Olimpiada hazırlıq mərkəzlərinə gələnlərin də hamısı istedadlı deyil. Burada məşğələlərə cəlb edilənlərin sayı bu səbəbdən tez-tez dəyişir: “Olimpiadaçı olmaq üçün məntiqi düşünməli, analiz qabiliyyəti olmalıdır. Uşaqlarda bu bacarığı üzə çıxartmaq üçün Respublika fənn olimpiadalarında hətta tarix fənni üzrə belə faktoloji biliyə deyil, müqayisəli biliyə əsaslanan suallar qoyulur. Çünki biz hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq. Analiz qabiliyyəti isə hazırlıqla mümkün olmur”.

 

Hazırlıqda ən böyük çətinlik - vəsait çatışmazlığı

 

Məlumdur ki, hər işin öz çətinlikləri olur. Olimpiadalara hazırlıq mərkəzlərində də bəzi çətinliklər müşahidə edilir. Qorxmaz Mustafayevin sözlərinə görə, hazırda ən böyük çətinlikləri vəsait çatışmazlığı ilə bağlıdır: “Azərbaycan dilində vəsait yox dərəcəsindədir. Bu problemi həll etmək üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin verdiyi imkanlardan yararlanmağa çalışırıq. Müəllimlər başqa dillərdə olan dərs vəsaitlərini tərcümə edirlər. Artıq 4 vəsait hazırlanaraq çap olunub. İnformatika, riyaziyyatdan vəsaitlər hazırlanıb. Biologiyadan isə vəsaitin hazırlanması planlaşdırılır”.

 

“Olimpiada elə bir yerdir ki...”

 

Ötən həftə ölkəmizi Tbilisidə keçirilən beynəlxalq komanda yarışında təmsil edən şagirdlərdən biri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Abutalıb Namazov 7-ci sinifdən olimpiadalara hazırlıq mərkəzində məşğələlərə qatılır. Onu fərqləndirən cəhəti isə bilik yarışlarına iki fənn üzrə qatılaraq yüksək nəticələr əldə etməsidir. Belə ki, Abutalıb Respublika fənn olimpiadasında informatika üzrə bir bürünc, iki qızıl, riyaziyyat üzrə isə bir  bürünc, bir gümüş medal qazanıb. Beynəlxalq olimpiadaya riyaziyyatdan qatılaraq Junior Balkan Yeniyetmələr Olimpiadasında gümüş medala sahib çıxan Abutalıb riyazi biliklərinin informatikada ona kömək etdiyini deyir: “İnformatikada adama sürət lazım olur. Sürət isə daha çox işlədikcə artır. Sürətlə işləmək riyaziyyatda tez qərarlar verməyə kömək edir. Odur ki, bu iki fənn üzrə bacarıqlarımı inkişaf etdirmək məni nəinki iki yol ayrıcında qoymur, əksinə, hər ikisi üzrə yüksək bacarıqlar formalaşdırmağımda köməyimə gəlir”.

 

Beynəlxalq olimpiadalara qatılmağın isə ayrı üstünlükləri var: “3 ildə özümdə çox böyük fərq hiss edirəm. Təcrübəm artıb, maraqlı ekskursiyalarda iştirak etmişəm, həm istirahət edib, həm də yeniliklərlə tanış olmuşam”.

 

Beynəlxalq olimpiadalarda sualların daha çətin olduğunu da deyən Bakı məktəblisi iddia edir ki, olimpiadada qızıl medal almaq hər çətin sualın öhdəsindən gələ bildiyin anlamını vermir: “Olimpiada elə bir yerdir ki, çətin sualı həll edib yüksək nəticə qazana bilməzsən”.

***

Çözdüyün çətin sualların sayı qazandığın medalların sayına mütənasib, zehnin açıq, yolun işıqlı, uğurların bol olsun, Azərbaycan məktəblisi! Dünyanın ən mötəbər yarışlarından gələn xoş sorağını gözləyirik!

 

Ruhiyyə DAŞSALAHLI