Türkiyədə ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəblər ulu öndərin vəfatının 15-ci ildönümünü şagirdlər arasında keçirilən inşa, şeir və rəsm müsabiqəsi ilə qeyd ediblər. Bu barədə redaksiyamıza Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində fəaliyyət göstərən təhsil müşaviri Nəcibə Nəsibova məlumat verib. Onun bildirdiyinə görə, qardaş Türkiyənin 4 şəhərində - Ankarada, Adana-Ceyhanda, İzmirin Aliağa qəsəbəsində və Qarsda ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəblər fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və dövlətimizin dəstəyi ilə tikilərək türkiyəli məktəblilərə hədiyyə olunmuş bu təhsil ocaqları həm maddi bazasının müasirliyi və zənginliyi, həm də verdiyi təhsilin yüksək səviyyəsi ilə seçilir. Həmin məktəblərin direktorlarının dediyinə görə, oxumaq üçün bu tədris ocaqlarına müraciət edənlərin sayı həddindən artıq çoxdur. Ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşavirliyi bu məktəblərin ulu öndər Heydər Əliyevin adına layiq fəaliyyət göstərməsinə yaxından kömək göstərir.

 

Ümummilli lideri bu məktəblərdə təhsil alan şagirdlərə daha yaxından tanıtmaq məqsədilə müşavirlik hər il 2 dəfə - ulu öndərin doğum və vəfatı günləri ərəfəsində həmin təhsil ocaqlarında oxuyan uşaqlar arasında inşa, şeir və rəsm müsabiqələri keçirir və yarışmalarda yer tutanlar mükafatlandırılır. Bu il də həmin məktəblərin şagirdləri ulu öndərə olan sevgilərini öz inşa, şeir və rəsmləri vasitəsilə ifadə ediblər. Builki müsabiqələr ulu öndərin anadan olmasının 95, vəfatının 15 illiyinə həsr olunması və daha kütləvi xarakter daşıması ilə fərqlənib. Belə ki, təhsil müşaviri Nəcibə Nəsibovanın təşkilatçılığı ilə hər məktəb anım tədbirinə öz xüsusi proqramını hazırlayaraq təqdim edib. Hər məktəbdə təşkil edilmiş müsabiqələrin qalibləri isə dekabrın 12-də Ankaradakı Heydər Əliyev adına məktəbə toplaşıblar. Burada keçirilən yekun tədbirində qalib şagirdlərlə bərabər onların müəllimləri və təmsil etdikləri məktəblərin direktorları da qatılıb. Tədbirdə habelə Azərbaycanın və Türkiyənin millət vəkilləri, ölkəmizin Türkiyədəki səfiri və səfirliyin əməkdaşları, Təhsil Nazirliyinin rəsmiləri iştirak ediblər. Hər məktəb üzrə birinci yeri tutanlar arasından inşa və şeir nominasiyaları üzrə 2 nəfər seçilərək qalib elan olunub. Hər iki yazı, eləcə də uşaqların təqdim etdikləri proqramlar tədbir iştirakçıları tərəfindən alqışlarla dəyərləndirilib. Təhsil müşaviri Nəcibə Nəsibova tədbirdə fəal iştiraklarına, ulu öndərin adına layiq şeir və inşalar yazdıqlarına görə şagirdlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından təşəkkür edib. Qaliblərə pul mükafatları təqdim olunub.

 

Yusif ƏLİYEV