Dekabrın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyinə həsr olunmuş “Müdrik ömrün akkordları” adlı görüş keçirilib.

 

Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini  Teymur Səmədov, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli, universitetin professor-müəllim və tələbə heyəti,  ziyalılar iştirak ediblər.

 

Əvvəlcə Xalq yazıçısı universitetdə ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxış keçirib və xatirə kitabında ürək sözlərini qeyd edib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov  görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib.  Bildirib ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında böyük əməyi olan istedadlı yazıçı, əsl ziyalıdır. XX əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatında baş vermiş “altmışıncılar” ədəbi axınının möhkəm və dayanıqlı olmasında, yetmiş-səksəninci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Xalq yazıçısı Anarın özünəməxsus xidmətləri vardır. 

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,  şəhər fövqəladə hallar komissiyasının sədri  Teymur Səmədov qeyd edib ki, Anar təkcə yazıçı deyil, həm də rejissor, ssenarist, sənətşünas, tərcüməçi, publisist, folklorşünas, ədəbiyyatşünas və ictimai xadimdir. Anarın qələminin məhsulu olan “Ağ liman”, “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Anlamaq dərdi”, “Adamın adamı”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi”, “Otel otağı”, “Gürcü familiyası”, “Mütləq görüşərik” və digər əsərləri ədəbiyyatımızın gözəl nümunələridir. Bu gün onun əsərləri nəinki Azərbaycanda, həm də xarici ölkələrdə böyük maraqla oxunur.

 

Tədbirdə SDU-nun “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, professor Avtandil Məmmədov, həmin kafedranın professoru Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin  görkəmli yazarın yaradıcılığından və ədəbiyyatımızın inkişafına verdiyi töhfələrdən söz açıblar

 

Xalq yazıçısı Anar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcova, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynova, tədbirin təşkilatçılarına və yaradıcılığına verilən yüksək qiymətə görə   təşəkkürünü bildirib.

 

Görüşdə  tələbələr şeir söyləyib, mahnı oxuyub və  yubilyarın əsərləri əsasında hazırlanmış  ədəbi-bədii kompozisya  nümayiş etdiriblər.

 

Sonda Anar tələbələrin ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb.

 

Şakir CƏFƏROV