Bu məqsədlə keçirilən iclasda qurumun qarşısında duran vəzifələr qeyd olunub


Gəncə Dövlət Universitetində Valideyn-Müəllim Assosiasiyasının (VMA) iclası keçirilib.

 

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, rektor professor Yusif Yusibovun müvafiq əmrinə əsasən universitetdə Valideyn-Müəllim Assosiasiyası yaradılıb. VMA-nın missiyası universitet icması daxilində sağlam ruh yaratmaq, valideynləri universitet  həyatında fəal iştiraka təşviq etmək, habelə ailə, universitet və icma arasında əlaqələri gücləndirməkdir. Universitet icmasına yeni qoşulan bütün valideynlərə köməklik göstərmək, onları ali təhsil ocağının missiyası və məqsədləri ilə tanış etmək, təhsilin  təkmilləşdirilməsi ilə bağlı dialoqa cəlb etmək də yeni qurumun vəzifələri sırasındadır.

 

Son illər Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini deyən Gülsüm Fətəliyeva vurğulayıb ki, çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq,  təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir.

 

Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur.

 

Prezident İlham Əliyevin  2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb.

 

Prorektor qeyd edib ki, hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir.

 

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova  vurğulayıb ki, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın təmin edilməsi,  Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanıb.

 

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

Açıq və səmimi müzakirə şəraitində keçən görüşdən valideynlər razı qalaraq universitetin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.