Universitetin Neft-mexanika fakültəsinin professor-müəllim heyəti quruma daxil olan istehsal müəssisələri ilə tanış olub


Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub.

 

Nümayəndə heyətini rəhbərlik adından salamlayan “Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev təmsil etdiyi müəssisə haqqında qısa məlumat verib. “Azərsu” ASC-də ali məktəblərlə əlaqələrin inkişafına böyük önəm verildiyini deyən Çingiz Abdullayev ADNSU nümayəndələrini quruma daxil olan istehsal müəssisələrinə təşkil olunacaq səfər proqramı haqqında məlumatlandırıb.

 

Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov tədbir iştirakçılarına universitetdə son illərdə həyata keçirilən islahatlar haqqında danışıb.  ADNSU-da təhsilin hər üç pilləsinə qəbulda yüksək nəticələrin qeydə alındığını bildirən Əli Hikmət Əhmədov kəmiyyətlə yanaşı keyfiyyət dəyişikliklərinin də olduğunu diqqətə çatdırıb. Ali məktəbdə tədris prosesi, elmi işlər, beynəlxalq əlaqələr, ingilisdilli ixtisaslar, Lazer Mərkəzi, istehsalat müəssisələri ilə əlaqələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti haqqında məlumat verən Ə.Əhmədov müxtəlif dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislərin “dəvətli professor” qismində universitetə cəlb olunduğunu qeyd edib.

 

Görüşdə tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.

 

Sonra ADNSU-nun professor-müəllim heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub. Ceyranbatan Su Təchizatı İdarəsinin rəisi Əhliman Mansurov və rəis müavini Oruc Bayramov kompleksdəki iş prosesi haqqında məlumat verib, qurğuların iş prinsipini izah edən təqdimat nümayiş etdirib.

 

Daha sonra nümayəndə heyəti “Azərsu” ASC-nin mərkəzi laboratoriyasında olub. Laboratoriyanın müdiri Elçin Əliyev burada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazlarının quraşdırıldığını bildirib. Qeyd olunub ki, bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür.

 

Sonda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.